Bundan öncə isə Müdafiə naziri Sergey Şoyqu Putinə Mariupolun “azad olunması” haqda hesabat verib, Ukrayna hərbçilərinin Azovstal sənaye zonasında gizləndiyini, zavodun tam tutulmasının 3-4 gün çəkəcəyini deyib.
“Bu halda... əsgər və zabitlərimizin həyatı və sağlamlığının qorunması haqqında düşünməliyik. Bu katakombalara girmək, sənaye obyektlərində torpağın altında sürünmək lazım deyil. Bu sənaye zonasını elə qapadın ki, milçək də keçə bilməsin”, – Putin bildirib.
Rusiya qoşunları və qondarma “Donetsk xalq respublikası”ndan separatçılar Mariupolu martın əvvəlində mühasirəyə alıblar. Müxtəlif məlumatlara görə, şəhərdə 1500-3 minədək hərbçi var. Onlar əsasən Azov alayından və 36-cı dəniz piyadaları briqadasındadır. Ukrayna rəsmiləri Mariupolda 120 minədək sakinin qaldığını deyirlər.
***
Ukrayna Prezidenti Vladimir Zelenski isə Fransanın BFM TV xəbərlər kanalına deyib ki, Mariupolu mühasirədən çıxarmaq üçün mümkün olanı edəcəklər.
“Bu, saat məsələsidir, həqiqət budur. Çünki bilmirik, onlar orada neçə saat, yaxud gün dayana biləcəklər. Bizim ordumuza gəlincə, hazırda Rusiya Federasiyasının texnikası bizim işğal olunmuş 120 kilometri yarıb Mariupolu hərbi mühasirədən çıxarmağımıza imkan vermir. Bu həqiqətdir. Bu gün bunu edə bilmirik”, – Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın Mariupolu mühasirəyə alması müharibəyə deyil, daha çox “Rusiya Federasiyası tərəfindən terror əməliyyatına bənzəyir”, çünki şəhərdə ukraynalı müdafiəçilərdən savayı uşaqlar, yaşlılar da var.
***
Çərşənbə günü axşam Azov komandirinin müavini Svyatoslav Palamar videomüraciətində deyib ki, Azov döyüşçüləri Mariupoldan çıxmağa hazırdırlar, amma əsir düşməyə, ölənləri, yaralıları və silahları şəhərdə buraxmağa razı deyillər. O, üçüncü tərəfin dəstəyilə, öz silahları ilə çıxmağa, yaralıları evakuasiya etməyə, ölənləri Rusiya Federasiyasının nəzarətində olmayan ərazidə basdırmağa hazır olduqlarını deyib.
“Üçüncü tərəf” deyəndə kimi nəzərdə tutduğunu açıqlamayan Palamar mühasirədə olan qarnizonun vəziyyətini “ağır, demək olar kritik” adlandırıb. O daha öncə jurnalistlərə demişdi ki, Azovstal tamamilə bombalanıb, məhv edilib. Zavoda “ağır bombalar”ın atıldığını deyən komandir müavini dağıntılar altında insanların qaldığını söyləyib.