Vaxt.Az

Limanlarda tıxaclar yaranıb


 

“İnflyasiyanın bir az da irəli getməsinə imkan yaradılacaq”

Limanlarda tıxaclar yaranıb Rusiyanın Ukraynadakı müharibəsi və Moskvaya Qərb sanksiyaları qlobal ticarətə təsir edərək, neft qiymətinin artımına və qida təminatının təhlükə altına düşməsinə səbəb olub. Bu, dünya ölkələrinin pandemiyadan sonra özünə gəldiyi bir vaxtda baş verir. Nəticədə Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi proqnozlarını kiçiltməyə məcbur olub.

BVF-nin baş iqtisadçısı Pyer-Oliver Qorinças: “Hətta müharibədən öncə, çox sayda ölkədə tələb-təklif disbalansı və pandemiya dövrü dəstək siyasəti nəticəsində inflyasiya artmaqda idi. Bu da monetar siyasətin sərtləşdirilməsinə sövq edib”.

Beynəlxalq Valyuta Fondu qlobal artım proqnozunu 4.4 faizdən 3.6 faizə, Dünya Bankı isə eyni proqnozu 4.1 faizdən 3.2 faizə azaldıb.

Enerji və əmtəə qiymətlərinin artımı istehsalın azalmasına və inflyasiyanın artımına səbəb olub. Ağ Ev bunda Moskvada günahlandırır.

Ağ Ev mətbuat katibi Cen Psaki: “Biz bunu əvvəldən deyirdik ki, prezident Putinin və Rusiyanın Ukraynanı işğalının qlobal iqtisadiyyata davamlı təsiri olacaq. Bu həm neft bazarlarına, həm də digər sahələrə aiddir.”

Bunun üzərinə koronavirusun omikron variantına görə tez-tez qapanmalı olan Çin iqtisadiyyatını da əlavə edin.

Corc Vaşinqton Universitetindən Diana Furçtqot-Ros: “İlk növbədə Çin xaricdən gələn bütün məhsullara bir həftəlik karantin tətbiq edib. Bu o deməkdir ki, başqa yerlərdən gələn, deyək ki, Cənubi Koreya çiplərindən istifadə edən istehsalçılar Çində məhsul istehsalında gecikirlər. İkincisi isə, qapanmalar səbəbilə Honq Konq və Şanxay kimi limanlarda tıxaclar yaranıb”.

Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun Vaşinqtondakı yaz görüşlərinə qatılan mərkəzi bankların əsas hədəfi qlobal iqtisadiyyatı tənəzzülə salmadan inflyasiyanı məhdudlaşdırmaqdır. Onlar buna faiz dərəcələrini tədricən və koordinasiya edərək artırmaqla nail olmaq istəyirlər.

Amerika Müəssisə İnstitutundan Desmond Lakman: “Bu, inflyasiyanın bir yerdən digər yerə sızmasının qarşısını ala bilər. Amma bu çox incə bir işdir. Bizim çox canlı səhm bazarlarımız və ev bazarlarımız var. Odur ki, bu asan olmayacaq. Tənəzzül yaratmadan inflyasiyanın azaldılması üçün faiz dərəcələrinin artımı asan deyil. Yəqin ki, onlar daha yumşaq proses üçün inflyasiyanın bir az irəli getməsinə imkan yaradacaqlar”.

Qərbin Rusiya prezidenti Vladimir Putini təcrid etmək səyləri bu addımları koordinasiyalı etməyi çətinləşdirə bilər. ABŞ Ukraynadakı hadisələrə görə Moskvanın Böyük 20-likdə iştirakına etiraz etdiyi üçün həmin ölkələrin maliyyə nazirləri ilə bəzi görüşlərdə iştirak etməyəcək.

 





21.04.2022    çap et  çap et