Aprelin 21-də etirazların sərt təhlükəsizlik tədbirləri şəraitində keçirildiyi xəbər verilir. İnternetdə yayılan həvəskar videolarda Şirazda etirazçıların “Həbsdəki müəllimlər buraxılmalıdır” şüarı səsləndirdiyi görünür.
İranda Müəllimlərin Həmkarlar Birliklərinin Koordinasiya Şurası “Telegram”da yazıb ki, 21 aprel etirazlarında azı 30 etirazçı saxlanıb.
***
Son aylar İranda müəllimlər dəfələrlə aksiyalara çıxaraq iş şəraitlərinə, maaşlarının azlığına etiraz ediblər. Onlar hökuməti islahatları sürətləndirməyə çağırıblar. Müəllimlər maaşlarının təcrübə və perfomanslarına daha çox uyğun olmasını istəyirlər.
Aprelin 19-da İranda məhkəmə müəllimlərin həmkarlar birliyinin üzvü və fəal Rəsul Budağini beş il həbsə məhkum edib. O, qanunsuz toplaşma və propaqandada təqsirli bilinib. Budağinin iki il ərzində Tehranda yaşaması, yaxud ölkəni tərk etməsi də yasaqlanıb.
Nyu Yorkda yerləşən İranda İnsan Haqları Mərkəzi Budağinin yalnız “dinc aktivizmi”nə görə məhkum olunduğunu bildirib.
Qurum İranı müəllimlərə zorakılıq və qanunsuz həbs olmadan ictimai etiraz hüquqlarından istifadəsinə icazə verməyə çağırıb.