Hindistan uzun illər Böyük Britaniyanın koloniyası olub. 1947-ci ildə müstəqilliyini qazanan Hindistan koloniyadan dünyanın ən böyük demokratik ölkəsinə doğru məsafə qət edib. Bu baxımdan Dehli də Boris Consonun səfərinə əhəmiyyət verib. Əslində Boris Consonun Hindistana səfəri ötən il reallaşmalıydı. Conson yanvarın 26-da Dehlidə Hindistanın müstəqillik tədbirinə qatılmalı idi. Ancaq artan pandemiya buna mane oldu. Daha əvvəl 1993-cü ildə Böyük Britaniyanın o zamankı baş naziri Con Meycer Hindistanın müstəqillik mərasiminə qatılmışdı.
İki dövlət aralarındakı ticarət mübadiləsini 2035-ci il üçün 36 milyard dollara çatdırmağı planlaşdırırlar. Azad ticarət zonasının yaradılması da müzakirə predmetidir. Böyük Britaniya Avropa İttifaqından ayrıldıqdan sonra müxtəlif dövlətlərlə azad iqtisadi zonaların yaradılmasıyla bağlı razılaşmalar əldə edib. Hindistan Böyük Britaniyanın yatırımlarında maraqlıdır. Bu əhalisi 1 milyard nəfəri aşan Hindistana yeni iş yerləri açmaq imkanı yaradacaq. Böyük Britaniya Hindistana yatırım edən ölkələr arasında altıncı sıradadır.
Boris Conson Dehliyə təklif edib ki, iki ölkə arasında müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə 2+2 formatında görüşlər keçirilsin. Bu cür format Hindistanla ABŞ, Avstraliya, Rusiya və Yaponiya arasında da mövcuddur. Rusiya-Ukrayna müharibəsi fonunda London Vaşinqton kimi Dehlinin Rusiya ilə münasibətlərdə diqqətli olmasını xahiş edib. Dehli artıq Rusiyadan neft alışının həcmini azaldıb. Buna baxmayaraq, Dehli Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Boris Conson Hindistana işarə edərək demokratik ölkələrin birgə hərəkət etmələri vacibliyini bildirib.
Bu arada, Böyük Britaniya Hindistanla hərbi əməkdaşlığın inkişafına da ümid edir. London Dehliyə yeni qırıcı təyyarələrin istehsalını təklif edib. Zavod Hindistanda tikilməlidir. Bununla London istəyir ki, Dehlinin Rusiyanın hərbi texnikasından asılılığı azaltsın.