Cəbrayılov aprelin 11-də müxtəlif vətəndaşların şikayətləri əsasında saxlansa da, Nərimanov rayon Məhkəməsi onun haqqında istintaq dövrü üçün həbs qərarı verməkdən imtina etmişdi. Prokurorluğun bu haqda təqdimatı təmin olunmamışdı. Prokurorluq da məhkəmənin həmin qərarından apelyasiya protesti vermişdi. Protestə aprelin 22-də baxılıb.
Hakim Habil Məmmədov prokurorluğun apelyasiya protestini təmin edib və Cəbrayılov haqqında istintaq dövrü üçün 1 aylıq həbs qərarı çıxarıb. Ona qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
Mərhum deputatla bağlı cinayət işində də qardaşının adı hallanırdı. Ölümündən öncə məhkəmədə ittihamlara qısa şəkildə münasibət bildirərkən özü də qardaşını ittiham etmiş, onun üzündən həbsdə olduğunu bildirmişdi. Vəfatından sonra hüquqi varisi qismində tanınan həyat yoldaşı da ərinin həbsinə görə qaynı Elşən Cəbrayılovu suçlayaraq onun cinayət məsuliyyətinə cəlb edilməsi haqda vəsatət qaldırmışdı. Lakin vəsatət təmin olunmamışdı.
***
Qardaşının işi üzrə məhkəmədə şahid qismində dindirilən Cəbrayılov isə ünvanına səslənən ittihamlarla razılaşmayıb. O, “Dərhal” MMC-dən mənzil, qeyri-yaşayış sahəsi almaq üçün pul verdiyini, lakin nə əmlak aldığını, nə də pulun geri qaytarıldığını iddia edən zərərçəkmişlərlə bağlı məsələyə münasibət bildirərkən deyib ki, şirkətin rəsmi rəhbəri o olsa da, qərarları Rəfael Cəbrayılov verirdi: “Böyük qardaşımız, ata əvəzi idi. Rafael Cəbrayılov sələm işinə qurşandı. Nə qədər adamdan sələmlə pul götürmüşdü, ortada da heç nə yox idi. Pullar yavaş-yavaş yoxa çıxmağa başladı. 15 illik zəhmətimiz heç oldu. Əlimizdə qalan axırıncı obyekti də ona verdim. Çox vaxt səhv qərarlar verirdi. Münasibətlərimiz o həddə pisləşdi ki, 2017-ci ildə onunla akt bağladıq. Bundan sonra pul istəməyəcəyi, şər atmayacağı və başqa tələbləri olmayacağı haqda akt idi. Buna məcbur olduq...”.
Lakin məhkəmədə zərərçəkmişlərin bir neçəsi və onların vəkilləri Elşən Cəbrayılovu ittiham edir, onun məsuliyyətə cəlb olunmasını istəyirdilər.
Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov külli miqdarda ziyan vurmaqla dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurdu.
Məhkəmədə ittihama münasibət bildirən Cəbrayılov onunla razılaşmadığını demişdi: “Özümü qətiyyən təqsirli bilmirəm...”.
2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə iki çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum olunması üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.
Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında çoxmərtəbəli binaların tikintisiylə məşğul olan “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov, lombard sahibi Məlahət Qurbanova və digərləri var. 11 nəfərin ümumilikdə 2 milyon 571 min manatının ələ keçirildiyi iddia olunur.
Cəbrayılov sentyabrın 30-da koronavirusdan müalicə olunduğu “Yeni Klinika”da vəfat edib. Lakin onun işi üzrə məhkəmə araşdırmaları davam edir. Qanuna görə, haqqında qanuni qüvvəyə minməmiş şəxs həbsdə öləndə cinayət işi üzrə yaxın qohumlarından biri hüquqi varis kimi tanınır. Ölmüş şəxs özünü təqsirli bilməyibsə, yaxud hüquqi varis onun təqsirsizliyində israrlıdırsa, məhkəmə araşdırmaları davam edir. Sonda onun haqqında ya ittiham, ya da bəraət hökmü çıxarılır. Şəxs təqsirli bilinsə, ona cəza təyin olunur, lakin ölümü ilə əlaqədar cinayət işinə xitam verilir.