Vaxt.Az

Haqlı mütləq qalib gələcək


 

İmperialist sistemə göz yumanlar əzəli torpaqlarını da itirəcək

Haqlı mütləq qalib gələcək Rusiya artıq öz generallarının dili ilə tək “DXR/LXR” kimi qondarma qurumları “azad” etmək haqqında deyil də, həm də bütün Cənubi Ukraynanı, Zaparoje, Xerson, Odessa vilayətlərini işğal edib Kremlin digər oyuncaq qondarma qurumu, Moldova ərazisi olan “Dnestryani Respublikaya” quru yolu açmaq haqqında danışmağa başladı. Əvvəllər bu haqda ancaq Kremlin təbliğatçı “bülbülləri” danışırdı, indi ordusu bunu hədəf kimi elan edir.

Rusiya Ukraynada çox fəlakət törətdi-törədəcək, hətta böyük bir hissəsini işğal da edə, “Şərqi Ukrayna Respublikası”, və ya “Novorosiya Respublikası” da elan edə bilər - çünki, Kreml üçün insan/əsgər həyatının heç bir əhəmiyyəti yoxdur, avtoritar rejimdən totalitar sistemə keçir, fərqli fikirləri boğur, iqtisadi çöküşü torpaq işğalı ilə əvəz edəcək bir yola çıxır. Yəni, yüz minləri itki verib, öz xalqına səfalətə sürükləyib məqsədinə çata bilər - bunu hesaba qatmaq lazımdır.

Amma dünyada çox maraqlı məsələ - AFR və ADR, iki yerə bölünmüş Almaniya örnəyi var. Rusiya (SSRİ) Şərqi Avropanı işğal etdi, Almaniyanı iki yerə böldü, amma cəmi 44 ildən sonra azadlıq, doğru  iqtisadiyyat, özəl təşəbbüslər, seçkili sistem  Rusiyanın hərbi maşınına qalib gəldi və Almaniya 1 güllə belə atmadan, itki vermədən birləşdi, itirdiyi torpaqların böyük hissəsini geri ala bildi. İtirdiyi torpaqlar da oldu - amma bu alman xalqının nasizmə əl çalmasının bədəli idi.

İndi də bənzər analogiyalar aparmaq olar - müharibə nəticəsində Rusiya  Ukraynanın bir hissəsini hətta işğal etməyə nail olsa belə, zamanla hər şeyi itirəcək - çünki sistemləri zaydır, inkişafa deyil də deqrodasiyaya köklənib. Həm də iqtisadi olaraq bu yükü çəkə bilməyəcək, bu gün vəhşicəsinə dağıdaraq böyük bir hissəsini işğal etdiyi bir tək Mariupolun bərpasına 15-20 milyard dollar lazımdı, bütün işğal etdiyi torpaqların bərpasına isə yüz milyardlarla dollar lazım olacaq - bu qədər pul yoxdur, olmayacaq da.

Deməli müharibədən sonra Ukrayna əlində qalacaq  ərazilərində yeni “Almaniya” qura bilsə cəmi 14 ildən (məsələn) sonra Krım qarışıq bütün itirdikləri torpaqları tam geri qaytara bilər.

Rusiya xalqı isə bu gün yeni totalitar (imperialist, absurd, repressiv) sistemə (almanları nasizmə dəstək verdikləri kimi) göz yumub dəstək verdikləri üçün mütləq öz əzəli torpaqlarını da itirəcəklər.

Tarix üçün 44 il bir saniyə, 14 il isə saniyədən də azdır, haqlı mütləq qalib gələcək, bizim 44 günə qalib olduğumuz kimi - Slava Ukraine!

 





22.04.2022    çap et  çap et