Lakin Moskva Qarabağ mübahisələrinə birdəfəlik, qəti olaraq nöqtə qoyacaq hərtərəfli sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Moskva bu məsələni Azərbaycan-Ermənistan sülh prosesindən ayırıb. Putin-Paşinyan birgə bəyanatında “Dağlıq Qarabağ nizamlanmasının siyasi-diplomatik vasitələrlə aparılmasına ehtiyac”dan bəhs olunması məsələyə 44 günlük müharibədən əvvəlki yanaşmaları xatırladır.
Paşinyan son seçkilərdə qələbə çalsa da, ölkə daxilində mövqeləri sabit və dayanıqlı deyil. Rusiya Ermənistanda hələ də ciddi destabilizasiya yaratmağa qadir olan önəmli gücdür. Paşinyanın səfəri ərəfəsində müxalifətin aktivliyinin artması bu baxımdan bir siqnal idi. Moskvadakı qapalı söhbətlərdə isə ona “lazımi” mesajların çatdırıldığına şübhə yoxdur.