Moskva Ukraynanın şərqində hücumunu gücləndirərək, strategiyasını dəyişdiyi vaxt Ukrayna qüvvələri Luqansk bölgəsində mövcudluğunu gücləndirir. Prezident Co Bayden bu səyləri dəstəkləməyə hazırdır.
“Ukraynanın Şərqdə və Donbas regionunda döyüş qabiliyyətini daha da gücləndirmək məqsədilə daha 800 milyon dollar ayrıldığını elan edirəm”, Bayden bildirib.
Yardım paketinə keçən həftə elan edilmiş 800 milyon dollara əlavə olaraq haubitsa topları, artilleriya mərmiləri, taktiki maşınlar və silahlı dronlar daxildir.
Bayden tərəfindən Ukraynanın maliyyələşdirilməsinə dair mart ayında imzalanan qanun layihəsində nəzərdə tutulan 13,6 milyard dollardan 3,25 milyard dollar Ukraynaya hərbi yardım, bir neçə milyard dollar isə iqtisadi, humanitar və digər təhlükəsizlik yardımlarına ayrılıb.
“Prezident Konqresdən daha çox şey maliyyə istəyəcəyini deyib, biz bunu yaxın günlərdə öyrənəcəyik və gələn həftə mümkün qədər tez müzakirə edəcəyik”, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib.
Pelosi Ukraynanın baş naziri Denis Şmıhalla görüşüb.
“Bizim ikinci dərəcəli sanksiyalara, altıncı sanksiyalar paketinə ehtiyacımız var və biz sıx əməkdaşlıq edirik. Bizim həmçinin məcburi köçkünlərə yardım göstərmək, bütün dünyada qaçqınlarımıza yardım etmək üçün maliyyə vəsaitlərinə ehtiyacımız var”, Denis Şmıhal bildirib.
Moskva bildirdiyi kimi bu həftənin əvvəli keçirilən qitələrarası ballistik raket sınağının görüntülərini yayımlayıb və bunun Rusiyanın düşmənlərini iki dəfə düşünməyə vadar etməli olduğunu bildirib.
Ağ Ev bunu rədd edib.
“Onlar bu raketi sınaqdan keçirməyi planlaşdırdığına dair yeni START müqaviləsində öhdəliklərinə əsasən, bu barədə əvvəlcədən xəbərdar etmişdilər. Müdafiə Nazirliyi bu gün bildirib ki, biz bu sınağı ABŞ və ya onun müttəfiqləri üçün təhlükə hesab etmirik”, Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
Lakin Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi baxımdan çıxılmaz vəziyyətdən xilas olmaq üçün nüvə silahına üz tutsa, ABŞ buna hazır olmalıdır.
“Putinin yeganə böyük gücü zəifliyi hiss etməsidir. O, Qərbin reaksiyasında, o cümlədən ABŞ-ın nüvə təhdidlərinə cavabında zəiflik hiss edir”, Atlantik Şurasında Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynada keçmiş səfiri Con Herbst bildirib.
Bayden həmçinin ukraynalı qaçqınlar üçün ABŞ-da immiqrasiya prosesini sürətləndirmək üçün yeni proqram və Moskvaya qarşı son təzyiq kampaniyası çərçivəsində Avropa və Kanadaya qoşularaq, Rusiyaya aid gəmilərin Amerika limanlarına daxil olmasına qadağa qoyulduğunu açıqlayıb.