Vaxt.Az

Dənizin külək enerjisi çox bahadır…


 

Hər meqavat üçün 3,6 milyon avro

Dənizin külək enerjisi çox bahadır… Norveçin “Equinor” şirkəti növbəti beş il ərzində dəniz külək layihələri üçün 23 milyard dollar kapital qoyuluşu planlarını açıqlayıb. Nəticədə dənizdəki külək turbinlərinin gücünü 12 min MVt artıraraq 16 min MVt-a çatdırmaqdır.

Yəni bu rəqəmlərdən hesablamaq mümkündür ki, 1 MVt dəniz küləyinin enerjisi şirkətə orta hesabla yaxın 5 ildə 1,92 milyon dollara başa gələcək. 

“WindEurope” assosiasiyasının məlumatına görə, 2020-ci ildə Avropada 7,1 min MVt gücündə dəniz külək turbinlərinin yaradılmasına 26 milyard avro sərmayə qoyulub. 

İspaniyada İberdrola şirkəti sahilyanı bir şəhərin elektrik enerjisinin təminatı məqsədi ilə ümumi gücü 300 MVt olan üzən külək turbinləri tikməyi planlaşdırır. Layihənin dəyəri 1,1 milyard avrodur. Yəni hər meqavat üçün 3,6 milyon avro. 

Dəniz külək turbinləri niyə bahadır? Əvvəla onların pərləri daha böyükdür, ikincisi, onların dəniz dibində quraşdırılan dayaq blokları qurudakından dəfələrlə baha başa gəlir və üçüncüsü, hasil edilən elektrikin sahilə nəql edilməsi üçün sualtı infrastruktur böyük kapital xərcləri tələb edir. 

Bəs onda dənizə niyə üz tuturlar? Birincisi, küləkli günlər və saatlar dənizdə qurudan daha çoxdur (yəni daha çox enerji almaq imkanı var), ikincisi, Avropada quruda boş sahələr azdır, uzunmüddətli icarə torpaqlar isə çox bahadır. 

Onu deyim ki, qaz turbinli 1000 MVt gücündə olan elektrik stansiyasını ərsəyə gətirmək üçün bu gün 760-780 milyon avro kapital qoyuluşu kifayət edir. 

Hazırda Avropanın 12 ölkəsinə dənizdə quraşdırılmış 5 mindən çox külək turbini məxsusdur ki, bunların da ümumi gücü 25 min MVt-dır.

Avropa Rusiya qazından asılılığı aradan qaldırmaq üçün 2030-cu ilə qədər təkcə dəniz küləyi turbinlərinin layihə gücünü 60 min MVt-a çatdırmağı planlaşdırır.

 





23.04.2022    çap et  çap et