“Wolt” gəldi və milyon dollarla girdi bazara. Özünü tanıtmaq üçün kuryerlərə heç bir daşıma etməsələr də, bazar dəyərindən daha yüksək hesabla pullarını ödəyib, əynində geyim forması və kuryer çantası ilə şəhərdə ora bura gəzdirirdi. Bir ətək də pul töküb kampaniyalar, reklam aksiyaları və s. edib özünü tanıtmağı bacarmışdı. Dünənə qədər azərbaycanlıların qurduqları yemək çatdırılma xidmətlərinə tərəf baxmayanlar, birdən birə xarici startapın “app”ından yemək sifariş etmək həzzini yaşayırdılar. Paraleldə yenə də yerli yemək çatdırılma xidmətləri yaranır, digərləri bağlanırdı. “Pingpong” açıldı, reklam olundu, bir neçə aya bağlandı. Hungry.az açıldı, aqressiv reklam olundu, ancaq bacarmadı. “189 delivery” bazara girdi, amma “Wolt” qədər populyar olmadı. Ardıyca “BOLT” girdi, amma o ərəfədə artıq Azərbaycanda olmadığımdan, işləri necə getdiyini bilmirəm, amma ümumi abu-havadan “Wolt” qədər olmadığının qənaətindəyəm.
“Wolt” isə işləyib böyüyürdü, hətta o qədər böyüdü ki, ABŞ-ın yemək çatdırılma nəhəngi “Doordash”, “Wolt”u 7 milyard EURO-ya aldı. Təbii ki, bundan sonra şirkət idarəetməsindən tutmuş, xərclərin optimallaşdırılmasında bir çox dəyişikliklər olmalı idi...
Əsas məsələ isə budur ki, bütün bu “Wolt” söhbətlərinin içində onu boykot edib, yerli yemək çatıdırılma xidmətlərinə keçək tipli fikirlər görmədim. Necə deyərlər xeyir vətənə qalsın... Bilirsiniz niyə? Çünki insanlar yerli məhsul və xidmətləri qəbul etmək istəmirlər, inkişaf edib böyüməsinə dəstək olmurlar. Öz təcrübəmizdən deyə bilərəm ki, harada boşluq tapdı, sui-istifadə edib, qabağa düşmək istəyir. Ona şirkətin nə yeyib içdiyi maraqlı deyil, əsas mən həmin anda necə, nəyisə qopara bilərəm marağı üstün gəlir. Xarici şirkət olduqda isə, bəh-bəhlə istifadə də edir, qaydalarına da tabe olur, amma bunun kimi xoşagəlməz hal olduqda, sadəcə boykot edir. “Wolt” satılacağını bilirdi və buna görə də, əlindəki bütün pulu gəlir əldə etməyə deyil, böyüməyə xərcləyirdi, buna görə də bazarda kuryerlərə çox maaş ödəyə bilirdi. İndi isə bu ona lazım deyil və hər kəsi reallığa qaytarır.
Sahibkar olmayan, bizneslə məşğul olmayan insanlar bunları anlamaya bilər, amma iqtisadiyyat və kapitalizm başqa cür çalışır. Sən daşımayacaqsan, başqaları daşıyacaq. Sən boykot edəcəksən, başqaları etməyəcək. Yerli startaplar və şirkətlər isə, elə özünkülərinin ayrıseçkiliyi nəticəsində inkişaf edə bilməyəcək. Çünki yalnız Azərbaycan bazarına fokuslanmış biznes böyüyüb, dünyaya çıxa bilməz. Böyük yatırım qaynaqları yoxdur, öz daxili bazarında rəqabət apara bilmir, öz daxili bazarının müştəriləri onun Azərbaycan şirkəti olduğuna görə istifadə etmir, səhvlərini bağışlamır, şans vermir.
Mövzuya qayıtsaq - azad iqtisadi bazardır, “Wolt” qane etmir keç “Bolt”a, “Bolt” qane etmir, keç 189-a, və belə-belə. A yox, onlarda maaş azdır deyirsinizsə, üzrlü sayın - deməli bazar elə budur. Əslində “Wolt”un kuryerlərə ödədiyi məbləğin bir hissəsi - REKLAM xərci idi... İndi bu reklama ehtiyacı yoxdur. Əlavə olaraq kimsə məcburi kuryer işlədilmir, bu azad seçimdir. Kuryer işi gəlirli deyilsə, başqa bir sahədə işləmək olar. Yox illah ki, mən kuryer işləməliyəm deyilirsə, reallıqla üzləşmək lazımdır.