Vaxt.Az

“Deyin az danışsın”


 

Problemlərin “həlli” üçün sahibkar-direktor tandemi

“Deyin az danışsın” Kuryerlər işləmə şərtlərinə etiraz ediblər. Bir çatdırılma üçün ödənişi 1 manat 60 qəpik qiymətləndirmək üçün necə qiymətləndirmə sistemi tətbiq olunmalıdır? Yəqin qəbul edilməlidir ki, kuryerlər fotosintezlə qidalanırlar.

Sayı az olmayan iş yerlərində işçiyə münasibətdə insana hörmətsizlikdən qaynaqlanan ciddi problemlər var. Belə demək olar ki, işçilər hüquqları olan subyektlər olaraq görülmürlər. Etiraz da olmur deyə sahibkarlar bunu norma kimi qəbul edir. Az sayda etiraz edənlər işdən uzaqlaşır, çoxu vəziyyətlə barışıb işdə qalır və sahibkar da anlayır ki, özünə sərf edən istənilən meyarlarla işçi tapıb işlədə bilər.

Mentalitet də “qanacaq”, “abır”, “abrına qısılmaq” kimi klişelərlə bu davranışı dəstəkləyir. Sahibkar elə bilir ki, işçinin işdən sonrakı və həftəsonundakı zamanının da külli ixtiyarıdır. 

Bir müəssisə ki tədbir keçirir, sinxron tərcümə üçün öz işçilərindən istifadə edir, üstəlik tədbiri həftəsonu keçirir, üstəlik bunun üçün altı-bazar işə çıxardığı işçilərinə ödəniş etmir, nəzərə alanda ki tədbir də qrant hesabına keçirilib və orda sinxron tərcümə üçün ayrıca qiymət yazılıb, pulu alınıb, heyrətlənməmək olmur. Bu necə bir istismar anlayışıdır, hansı mexanizm bunu xüsusi “bacarıq” kimi formalaşdırıb? 

Mən bir çox iş yerində belə hallara həmişə etiraz etmişəm, buna görə də bir çox iş yerində stajım qısa olub.

Bir misal verim, gələcəkdə üzləşdiyim haqsızlıqlarla əlaqədar daha detallı misallar verəcəm.

Bir iş yerində sahibkar türkiyəli direktor işə götürüb. Problemlərin həlli üçün maraqlı dilemma yaradıblar. Sahibkara deyirsən, deyir o iş direktorun səlahiyyətindədir.  Direktora deyirsən deyir sahibkar mənə deyib ki olmaz.

Direktorun saçma-sapan (işə başlama saatlarını əvvələ çəkmək, işçiləri hər səhər ayaq üstə mənasız iclaslara çağırmaq və s.) avtoritet təsis etmək təşəbbüslərinə etiraz etmişdim, xəbər göndərmişdi ki, “deyin az danışsın”. Arqument yox, “az danış” təlimatı.

Bu sahibkar-direktor tandemi bir gün dahiyanə qərar aldılar ki, Novruz bayramında hamı işə gəlməlidir. Mən Novruz bayramında bir qrup gənclərlə görüş planlaşdırmışdım. Sahibkara dedim ki Novruzda istirahət haqqımızdır. Dedi şikayətinizi direktora edin. Direktor gedib məmləkətinə istirahətə, telefonda deyir ki “mənə deyilir ki, heç kimə icazə vermə”.

Mən də düşünürəm, gənclərlə düşüncə azadlığından danışacağıq, amma mənim düşüncə azadlığım iki cüvəllağının əlində qalıb. Tədbirə getdim, zəng edib mütləq işə gəlməli olduğumu dedilər, yoxsa başqa nəticələri olacaqmış. Bayramdan sonra gəlib ərizəmi yazacağımı dedim, yazdım və cəmi üç ay işlədikdən sonra işdən çıxmalı oldum.

 





24.04.2022    çap et  çap et