Vaxt.Az

Elmi ad almaq istəyən alverçi


 

Genetika mövzusunda müzakirəyə beynəlxalq münasibətlər məzunu çıxırsa, ...

Elmi ad almaq istəyən alverçi Bir neçə il əvvəl “Qida təhlükəsizliyi və insanı məhvə aparan genetik silah” adlı bir kitab nəşr olunmuşdu. Müəllifin ixtisasının kitabın mövzusu ilə əlaqəsi yoxdur. Yaxınlarda bir proqramda opponent kimi iştirak edib, genetik modifikasiya olunmuş heyvan yemlərinin o yemlərlə qidalanan insan heyvanlar üzərindən insanlara da mənfi təsiri olduğunu iddia edib.

Proqramın baxdığım hissəsində konkret faktlar kimi tədqim olunan iddialar var idi, “edir, olur, zərərlidir, ziyandır, bilinir”, ancaq heç bir mötəbər alimin, qaynağın, araşdırma qrupunun, universitetin adı çəkilmir-iddialar faktlar kimi təqdim olunur ancaq o faktların fakt olduğunu-əgər belədirsə-ortaya çıxaran heç bir alimin, araşdırmanın adı çəkilmir.

O kitab nəşr olunanda vərəqləyib qeydlər götürmüşdüm, ikisini xatırlayıram: 

1. Genetika yaradanın işinə müdaxilə etməkdir.

Yaradılış qüsursuz, genetika monsterlər yaratsa idi, bu arqumentlə hesablaşmaq olardı. 6000-ə yaxın genetik xəstəlik var və bu xəstəliklər insan həyatını tez sona çatdırmaqdan tutmuş, digər ömür boyu sürən ağır fəsadlara, ağrılara səbəb olur. Genetika mühəndisləri belə xəstəliklərin müalicəsi üçün çalışırlar. Güman ki indi çox baha olan genetik müalicələr gələcəkdə əlçatan olacaq. Genetik analiz ilk başlarda 3 milyon dollar idi, indi 700 dollar civarındadır.

2. Kitabda istinad olunan qaynaqlar.

Ən çox istinad türkiyəli araşdırmaçı-qəzetçi-yazar, şair kateqoriyasından olan, dünyada total kontrolun olduğuna inanan, amma nədənsə internetdə bütün sirləri tapa biləcəyinə inanan müəlliflərə aid idi. Yəni iddia ilə söykəndiyi qaynaqlar arasında ciddi mütənasibsizlik var.

Elm niyə hər kəsin-ixtisasından asılı olmayaraq-bütün faktları bildiyi bir sahə olaraq görülməyə başlanıb bizdə?

Nə üçün humanitar sahədən olan biri mühəndis auditoriyası qarşısında mühəndislikdən danışma cəsarəti tapır?

Nə üçün ayaqqabı dükanları olan biri elmi ad almaq həvəsinə də düşür və sonradan artıq alverçi kimi yox “fəlsəfə doktoru” kimi qəbul edilir?

Tez-tez mütəxəssis çatışmazlığından danışılır, bunun bir səbəbi 10-15 il əvvəl gələcəyə refleksiya edib müvafiq ixtisas fakültələri açmamaqdırsa, bir digər səbəbi də alverçi insanların pul qazandıqdan sonra özlərini mütəxəssis kimi qəbul etdirə biləcəklərini də düşünmələri və adətən elə də qəbul görmələridir. Yaxşı mütəxəssislər manipulyatorlar kimi sosial zəkaya sahib olmur və nəzərə çarpmadan ya kənarda qalırlar, ya da qiymət verilmədiyi üçün ölkədən gedirlər. 

Əgər ölkədə genetika mövzusunda müzakirəyə beynəlxalq münasibətlər məzunu çıxırsa, vəziyyət ürəkaçan deyil.

 





23.04.2022    çap et  çap et