Rusiya bütün sahələrdə uğursuzluqla üzləşdiyi bir zamanda Ukrayna diplomatiya və döyüş meydanında bir sıra uğurlar əldə etməkdədir. ABŞ, Böyük Britaniya və Avropa Birliyi Rusiyanın dondurulan valyuta ehtiyatından və müsadirə olunan sərvətindən Ukraynanın maliyyələşdirilməsinin yolları araşdırır. Rəsmi Kiyev Rusiyanın valyuta ehtiyatından hər ay beş milyard dolların Ukraynaya verilməsini istəyir. Ümumilikdə isə Ukrayna Rusiyanın dondurulan valyuta ehtiyatının 400 milyard dollarını müharibə təzminatı kimi almaq niyyətindədir. ABŞ Ukraynaya hərbi yardımı gücləndirmək üçün 40 ölkənin iştirakı ilə konfrans keçirməyə hazırlaşır. Bundan başqa Vaşinqton Ukraynaya hərbi yardımı effektli həyata keçirmək üçün general-leytenant Terri Volfu əlaqələndirici təyin edib.
Ukrayna döyüş meydanında da Rusiyaya zərbələr endirməkdədir. Nikolayev vilayətində bir neçə yaşayış məskəni işğaldan azad edilib. Nikolayev vilayətinin çox yaxın günlərdə tamamilə azad olunması gözlənilir.
Finlandiya parlamentinin NATO-ya üzvlük üçün səs verməsi Putinin müharibə avantürasının ən böyük məğlubiyyətlərindən biridir. Rusiyada müstəqillik uğrunda mübarizə aparan xalqların azadlıqlarını əldə etmək üçün partizan müharibəsinə hazırlaşması haqqında məlumatlar yayılır. Rusiyanın ən yaxşı iqtisadçılarından hesab olunan, Çikaqo Universitetinin professoru Konstantin Sonin martın 8-də “Twitter”də paylaşdığı məlumata görə, müharibə başladığı gündən martın 8-dək Rusiyanı 200 min insan tərk edib. Rusiyadan mütəxəssis axını səngimək bilmir.
Göründüyü kimi Rusiya bütün resurslarını itirdiyi, diplomatiya və döyüş meydanında ağır itkilər verməkdə, məğlubiyyətə uğramaqdadır. Ukrayna isə hər ötən gün siyasi, diplomatik və hərbi gücünü artırır.
Müharibənin üçüncü ayı isə hələ indi başlayır.