Qazaxıstan da Çin və Hindistan kimi Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni dəstəkləmir, hətta qazaxıstanlı rəsmilər Qərbin sanksiyaları ilə hesablaşdıqlarına dair fikirlər səsləndiriblər. Bu Moskvanı narahat etməyə bilməz. Çünki Kreml hesab edir ki, Qazaxıstan Rusiyanın müttəfiqidirsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, o cümlədən Avrasiya İqtisadi Birliyinin üzvü kimi Moskvanın planlarını dəstəkləməlidir. Digər tərəfdən Kremldə hesab edirlər ki, Qazaxıstanın Rusiyaya borcu var. Qazaxıstanda yanvarın əvvəllərində qiymət artımına qarşı etirazlar qeydə alınmışdı. Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev ölkəsində vəziyyəti sabitləşdirmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dəstək istəmişdi. Rusiya və təşkilatın digər üzvləri hərbçilərini Qazaxıstana göndərdilər. Həmin qüvvələrin vəziyyətin sabitləşdirilməsində xüsusi rolu olmasa da, Kreml Astanaya dəstəyin həlledici olduğunu düşünür. Buna görə Kreml hesab edir ki, Rusiyanın Ukraynada apardığı işğalçı müharibədə Qazaxıstan ona dəstək verməlidir. Halbuki, Astanada fərqli düşünürlər.
Buna baxmayaraq, iki ölkənin xarici işlər nazirlərinin Moskva görüşündə strateji tərəfdaşlığın güclənidirlməsi barədə fikir mübadiləsi aparıblar. Nazirlər qeyd ediblər ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Qazaxıstanla tərəfdaşlığa mane olmamalıdır. Bu Moskvanın Astanaya mesajıdır ki, Astana Qərbin sanksiyalarına baxmayaraq, Rusiya ilə strateji tərəfdaşlıqdan uzaqlaşmamalıdır. Rəsmi Nursultan bunun əvəzində Rusiya ilə Qərb arasında vasitəçi ola biləcəyini təklif edib. Kremlin isə belə vasitəçiyə ehtiyacı yoxdur.
Tokayev iyun ayında Rusiyaya səfər etməlidir. O Sankt-Peterburqda ənənəvi beynəlxalq iqtisadi forumda iştirak edəcək. Halbuki, forumu artıq beynəlxalq adlandırmaq çətindir. Qərbin Rusiyaya qarşı sərt sanksiyaları fonunda Qərbin iri şirkətlərinin iqtisadi forumda iştirakı gözlənilmir. Bütün hallarda Kreml Qazaxıstan yanında saxlamağa çalışır.
Rəsmi Nursultan Moskvanın istəyi ilə ABŞ və Avropa ilə münasibətlərini azaltmayacaq. Qazaxıstan Prezident Administrasiyasının rəhbəri müavini Timur Süleymanov aprelin 1-də verdiyi müsahibədə bunları demişdi: “Biz Qərbin sanksiyalarını nəzərə alacağıq. Qazaxıstan Rusiya və Belarusla eyni iqtisadi məkanda olsa da, beynəlxalq birliyin tərkib hissəsidir. Biz ABŞ və Avropa İttifaqının Qazaxıstana qarşı sanksiyalar tətbiqini istəmirik”. Şübhəsiz bu yalnız Timur Süleymanovun fikri deyil. O Qazaxıstan hakimiyyətin ümumi fikrini ifadə edib. Təsadüfi deyil ki, xarici işlər naziri Muxtar Tluberdi də açıqlamalarının birində ölkəsinin Luqansk və Donetsk separatçılarını tanımayacağını vurğulamışdı.
Qazaxıstan Çin və Hindistanla eyni mövqedən çıxış edir. Pekin və Dehli beynəlxalq təşkilatlarda Rusiyanın əleyhinə səs verməsələr də, Qərbin sanksiyaları fonunda Rusiya ilə iqtisadi münasibətlərdə ehtiyatlı mövqe tutmağa başlayıblar, Moskva ilə yeni müqavilələr imzalamırlar.
ABŞ Rusiyanın Mərkəzi Asiyada fəallığına seyrçi qalmayıb. ABŞ dövlət katibinin köməkçisi Qzra Zeya aprelin ortalarında Qırzızırtana və Qazaxıstana səfər edib. O Qazaxıstanda olarkən iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib. Amerikalı diplomat Qazaxıstanda həyata keçirilən islahatlarla tanış olub. Bundan başqa amerikalı diplomat Rusiyaya qarşı tətbiq edilən sanksiyalar barədə Qazaxıstan hakimiyyətini məlumatlandırıb. Vaşinqton bununla Qazaxıstan hakimiyyətini anlatmaq istəyib ki, Nursultan bu sanksiyaları nəzərə almasa Qazaxıstan iqtisadiyyatı və şirkətləri üçün ciddi problemlər yaranacaq.
Vaşinqton Mərkəzi Asiyada mövqelərinin gücləndirilməsi baxımından Qazaxıstanla əlaqələrə və dialoqa üstünlük verir. Vaşinqton prezident Kasım-Jomart Tokayev hakimiyyətini legitim hesab edir. Halbuki, Qazaxıstan yanvarın əvvəllərində baş verən hadisələrdə Vaşinqton bir qədər seyrçi mövqedən çıxış edirdi. Ancaq Vaşinqtonda anladılar ki, Kasım-Jomart Tokayevin legitimliyini tanımasalar Qazaxıstan Rusiyadan asılı vəziyyətə düşəcək.
Qazaxıstan Rusiyanın strateji tərəfdaşı sayılsa da, Kremlin istəyi ilə Vaşinqtonla sıx əməkdaşlıqdan imtina etməyəcək. Qazaxıstan xarici işlər nazirinin müavini Akan Rəhmətullin amerikalı diplomatla görüşdə bildirib ki, Qazaxıstanın Rusiya ilə minlərlə kilometr sərhədi olsa da, sanksiyaları nəzərə almaya bilməz. Rusiyada olduğu kimi Qazaxıstanda da məhsulların qiymətləri qalxıb. Qazaxıstanlı diplomat bildirib ki, amerikalı diplomatla görüşdə sanksiyalarla bağlı bütün suallara cavab aldıqlarını bildirib: “ABŞ anlayır ki, Qazaxıstan sanksiyalarla hesablaşır və iqtisadiyyatımız zərər görməməlidir. Bu istiqamətdə Vaşinqtonla gələcəkdə də əməkdaşlığı davam etdirəcəyik”.
Beləliklə, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə Qazaxıstan üçün də çətinliklər yaradıb. Qazaxıstan hakimiyyəti balanslaşdırılmış xarici siyasət aparmağa çalışsa da, hər tərəfdən təzyiq altındadır. ABŞ-da və Avropada hesab edirlər ki, Kreml Rusiyaya qarşı sanksiyaların təsirini azaltmaq üçün Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qazaxıstanın imkanlarından istifadə edəcək, bank əməliyyatlarını bu ölkələr vasitəsilə həyata keçirməyə çalışacaq. ABŞ və Avropa İttifaqı bu barədə Mərkəzi Asiya hakimiyyətlərini xəbərdar ediblər. Eyni xəbərdarlıq Qırğızıstana da edilib. Bu ölkənin prezident Sadır Japarov da qazaxıstanlı həmkarı kimi Rusiyanın işğalçı müharibəsindən məsafə saxlayır. Qırğızıstan aprelin 11-də Ukraynaya humanitar yardım da göndərib. Qırğızıstan Avropa İttifaqı ilə əməkdaşlığın genişlənidirilməsi məqsədilə saziş imzalamağa hazırlaşır. Bu səbəbdən Qırğızıstan da Qazaxıstan kimi Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını nəzərə almaq məcburiyyətindədir.