“Effektiv dialoq, atəşkəs, dinc həll üçün mümkün qədər tez şərait yaratmağın yollarının tapılmasında həddən artıq maraqlıyıq”, – Quterres aprelin 26-da Moskvada Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşün əvvəlində deyib.
Lavrov deyib ki, tərəflər “son onillər ərzində Avro-Atlantik regionda yığılan xeyli sayda problem üçün katalizator rolunu oynamış Ukraynadakı vəziyyəti” müzakirə edəcəklər.
Quterres Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcək, daha sonra Ukrayna liderləri ilə görüşməkdən ötrü Kiyevə gedəcək.
***
“Human Rights Watch” (“HRW”) insan haqları təşkilatı isə Ukraynanın mühasirədə olan Mariupol şəhərinə nəzarət edən Rusiya qüvvələrini dinc sakinlərin təhlükəsiz şəkildə Ukraynanın nəzarətindəki əraziyə köçürülməsini təmin etməyə çağırıb.
Mariupol martın 2-dən Rusiya qüvvələrinin nəzarətindədir. Şəhərin əksər hissəsi dağıdılıb, minlərlə dinc sakinin öldürüldüyü bildirilir.
Mariupoldakı Azovstal polad zavodunda 2 minədək ukraynalı əsgər hələ də Rusiya qüvvələrinə müqavimət göstərir. Zavodda minədək dinc sakinin gizləndiyi deyilir.
“Ukraynanın cənub-şərqindəki Mariupol şəhərinə nəzarət edən Rusiya qüvvələri şəhərdə qalan dinc sakinlərin, öz seçimləri əsasında Ukraynanın nəzarətində olan əraziyə getmələrini təmin etməlidir”, – “HRW” aprelin 26-da bəyanatında vurğulayır.
***
Qurum yaşlılara, əlilliyi olanlara, xəstə və yaralılara xüsusi diqqət ayırmağın gərəkdiyini qeyd edir.
“HRW” Moskvada səfərdə olan BMT başçısı António Quterresə müraciət edir ki, Rusiyanın aparıcı rəsmilərini Mariupolda dinc sakinlərin durumunu nəzərə almağa çağırsın, onlara xəbərdarlıq etsin ki, onlar “dinc sakinlərin qanunsuz ölümü, beynəlxalq humanitar hüququn digər ciddi pozuntularına görə məsuliyyət daşıya bilərlər”.
“İki aydır davam edən terrordan salamat çıxanlar, şəhərləri xarabalığa çevrildikcə zirzəmilərdə gizlənən Mariupol sakinlərinə təcili yardıma, təhlükəsiz təhlükəsiz evakuasiya marşrutlarına ehtiyacı var”, – “HRW”-dan İda Soyer deyib.
Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.