Deputat xatırladıb ki, Rusiyada Azərbaycanın bir çox saytlarına girişə qadağa qoyulub.
“Azərbaycanda da “Sputnik-Azərbaycan” informasiya agentliyi fəaliyyət göstərir. Hesab edirəm ki, bu agentlik Azərbaycanda fəaliyyətini dayandırmalıdır. Mən bununla bağlı Medianın İnkişafı Agentliyinə və Mətbuat Şurasına müraciət edirəm ki, həmin agentliyin fəaliyyəti araşdırılsın,” Əhmədov qeyd edib.
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) Azərbaycanın Rusiya-Ukrayna müharibəsi barədə rus dilində məqalələr dərc edən haqqin.az, virtual.az, minval.az, musavat.com, oxu.az, baku.ws saytlarına girişi məhdudlaşdırıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Amerikanın Səsinə bildirib ki, deputat Vahid Əhmədovun fikirlərini müdafiə edir.
“Sputnik informasiya agentliyi bir qayda olaraq Azərbaycanla bağlı məlumatlarda obyektivlik, ədalət və balans prinsiplərini pozur. Bu səbəbdən bu agentliyin Azərbaycanda fəaliyyəti ilə bağlı düşünməliyik”, – o, qeyd edib.
Sputnik xəbər agentliyi 2014-cü il noyabrın 14-də fəaliyyətə başlayıb.