“İnterfax” agentliyi “Gazprom” şirkətinin nümayəndəsinə istinadən bildirmişdi ki, Polşaya qaz verilməsinin dayandırılması hələ rəsmən elan olunmayıb, lakin ona xəbərdarlıq edilib ki, ödənişlər Rusiya valyutası ilə edilməlidir.
“PGNiG”in ilin birinci rübündə idxal etdiyi qazın 53 faizi Rusiyanın payına düşüb.
***
Lakin Polşa bildirib ki, Rusiyanın qazı kəsməsi istehlakçıların təchizatına təsir göstərməyəcək, çünki ölkənin qaz terminalları 80 faizinədək doludur və qarşıdan daha isti yaz-yay mövsümü gəlir.
Polşanın qaz almaq üçün başqa alternativləri də var. Ölkə habelə maye qaz alır. Maye qaz Polşanın qaz idxalında bu il 26 faiz təşkil edib.
Bununla belə ekspertlər bildirirlər ki, Rusiya Polşaya qazın verilməsini bir neçə həftə dayandırarsa, bu ölkə bəzi böyük istehlakçıların hesabına qənaət rejiminə keçməli olacaq.
Bu da xəbər verilir ki, Polşa onsuz da uzun perspektivdə Rusiya qazından tam imtina etməyi planlaşdırırdı və “Gazprom” şirkəti ilə yeni kontrakt imzalamayacağını bildirmişdi.
Bundan başqa oktyabr ayından Norveçdən çəkilən yeni kəmər işə düşməlidir.
Bu kəmərin 2022-ci ildə tam gücü ilə işə düşdükdən sonra Rusiya qazını tamamilə əvəz edəcəyi gözlənilir.
Bolqarıstan hökuməti də bildirib ki, “Gazprom” şirkətindən qazın kəsiləcəyinə dair bildiriş alıb.
“Bulqarqaz” şirkəti bildirir ki, Rusiyanın ödəniş üçün yeni tələbi artıq mövcud kontraktın şərtlərinə ziddir.
***
Aprelin 26-da Polşa Moskvanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq Rusiya və Belarusdan olan 15 fiziki və 35 hüquqi şəxs üzərinə sanksiyalar qoyduğunu elan etmişdi.
Sanksiya siyahısına salınanların arasında biznesmen Oleq Deripaska, Alfa qrupunun şəriki Mixail Fridman, Safmar firmasının təsisçisi Mixail Qutseriyev, Akrona şirkətinin ən böyük səhmdarı Vyaçeslav Kantor, Severstalın sahibi Aleksey Mordaşov və Rosneftin rəhbəri İqor Seçin var.
Onların Polşa ərazisinə daxil olması qadağan edilib.
Polşanın sanksiyaları habelə “Kaspersky Lab” şirkətinin təsisçisi Yevgeni Kasperskini, “1C” şirkətinin yaradıcısı Boris Nuraliyevi, “FosAgro” firmasının rəhbəri Timur Raşidovu və “Renova” qrupunun sahibi Viktor Vekselberqi hədəfləyir.
Sanksiyalar siyahısına habelə “Gazprom” şirkətinin Polşadakı törəmə şirkətləri daxil edilib.