“Rusiya İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov aprelin 6-da “Facebook”da dahi rus sərkərdəsi və Vətənin keşikçisi, Sovet İttifaqı marşalı Georgi Jukovun xatirəsini təhqir edən və ləkələyən yalan məlumatlar dərc edib. Bu əməllərə görə qanunla müəyyən edilmiş cinayət məsuliyyəti tətbiq ediləcək”, Rusiya İstintaq Komitəsinin məlumatında deyilir.
Təqsirli hesab ediləcəyi təqdirdə Əsgərov 5 milyon rubla qədər cərimə və ya beş ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Amma qeyd edilən tarixdə, ondan əvvəl və sonra Əsgərovun sosial hesabında Jukov haqqında heç bir status yoxdur. Eyni zamanda, Əsgərovun səhifəsində Ukraynadakı müharibənin müəlliflərinə, faşist Almaniyası ilə tarixi bənzərlik və müqayisələrə, Rusiya televiziyasının və onun təbliğatçılarının fərsizliyinə çox sayda mənfi eyhamlar var.
Bununla yanaşı, Rövşən Əsgərov Rusiya İstintaq Komitəsinin qaldırdığı cinayət işi ilə bağlı hələ şərh verməyib.
Əsgərov Rusiyanın “Rossiya 1” dövlət televiziya kanalında yayımlanan “Çto, gde, kogda?” (“Nə, harada, nə vaxt?”) televiziya oyununun fəal iştirakçısıdır.