Millət vəkili bildirib ki, bu dəyişiklik “birinci prezident – elbası” haqqında qanun maddəsinin ləğvinə səbəb olacaq.
“Elbası” titulu Nazarbayevə hətta 2019-cu ildə prezident postundan getdikdən sonra da hüdudsuz hakimiyyət verirdi.
Qoşanov deyib: “Prezidentlər haqqında qanuna əsasən birinci prezident sadəcə olaraq keçmiş prezident kateqoriyasına düşəcək, amma adı konstitusiyada saxlanacaq”.
81 yaşlı Nazarbayev prezident postundan 2019-cu ilin martında istefa verib və uzun müddət onun varisi sayılan Qasım-Comərd Tokayev prezident seçilib.
Buna baxmayaraq Nazarbayev elbası titulunu və Təhlükəsizlik Şurasının sədri vəzifəsini özündə saxlayıb.
Beləliklə, Nazarbayevin çoxsaylı qohumları da hökumətdə, təhlükəsizlik orqanlarında və gəlirli enerji şirkətlərində mühüm vəzifələrini saxlaya biliblər.
***
Lakin yanvar ayında yanacaq qiymətlərinin kəskin qalxmasına görə başlanmış aksiyalar ölkəni bürüyən korrupsiya və qohumbazlığa qarşı geniş etirazlara çevrilmişdi.
O vaxt Tokayev özü ilə Nazarbayev arasında məsafə yaratmaq üçün bir neçə addımlar atmışdı. Bunlardan biri də Təhlükəsizlik Şurası sədrliyinin Nazarbayevdən alınması idi.
Tokayev bir prezident kimi bu vəzifəni öz üzərinə götürmüşdü.
Birinci prezident haqqında qanun Nazarbayevə və onun yaxın qohumlarına həm də toxunulmazlıq verir.
Bu qanuna görə Nazarbayev Konstitusiya Şurasının ömürlük üzvüdür və onun “şərəf və ləyaqətinə” hər hansı hörmətsizlik cinayət əməli sayılır.
Əgər bu qanun ləğv edilərsə, hakimiyyət Nazarbayevin ailə üzvləri və yaxın qohumlarını mühakimə edə biləcək.
Amma bununla belə Nazarbayev adının konstitusiyada olmasına görə şəxsi toxunulmazlığını saxlamaqda davam edəcək.