Vaxt.Az

“Gazprom” dominantlığını itirir


 

Enerji məsələsi Avropada artıq prioritetdir

“Gazprom” dominantlığını itirir Rusiyanın Polşa və Bolqarıstana mavi qaz ixracatının məhdudlaşdırılması barədə qərarından sonra Avropa İttifaqında enerji təhlükəsizliyi məsələsi daha da prioritetləşib. Qədim qitə alternativ mənbələrdən qaz idxalını artırmağa çalışsa da hələlik və bəlli bir müddət “Gazprom” Avropada dominatlığını qoruyub saxlamağa çalışır.

Bu arada Azərbaycan mavi qaz hasilatını artırmaqda davam edir. Bu ilin ilk rübündə Azərbaycanda 11,8 milyard kub metr təbii qaz hasil edilib. Qazın 3,5 milyard kub metri AÇG-dən, 6,4 milyard kub metri “Şahdəniz”dən, 1,9 milyard kub metri SOCAR üzrə hasil olunub. Həmin dövrdə xaricə qaz satışı 5,9 milyard kub metr təşkil edib. Türkiyəyə 2,2 milyard kub metr, Avropaya 2,6 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Türkiyəyə TANAP-la bu müddətdə 4 milyard kub metrdən çox qaz nəql olunub.

Bu o deməkdir ki, bu ilin birinci rübündə Azərbaycan mavi qaz hasilatı 12.0, ixracatı isə 15.3 faiz çoxalıb. Avropaya qaz ixracatı isı 2.4 dəfə artıb. Belə ki, ötən ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 3 milyard kub metr, Avropaya 1,1 milyard kub metr, Gürcüstana isə 784 milyon kub metr qaz ixrac edilib.

Qeyd edək ki, ötən ilin birinci rübündə ölkəmizdə 10,4 milyard kub metr qaz hasil edilib. Qazın 3,4 milyard kub metri AÇG-dən, 5,1 milyard kub metri “Şahdəniz” yatağından, 1,9 milyard kub metri isə SOCAR tərəfindən hasil olunub.

Rəsmi rəqəmlər göstərir ki, Azərbaycanın Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. 2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kub metrdən çox mavi qaz nəql edib. Ötən il 43.9 milyard kub metr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkənin regional geosiyasi mövqeyinin daha gücləndirir.

 





28.04.2022    çap et  çap et