Vaxt.Az

Sosial şəbəkələrə milyonlarla cərimə


 

“Facebook” 4, “Twitter” 3, “TikTok” 2 milyon rubl cərimələnib

Sosial şəbəkələrə milyonlarla cərimə Moskvada məhkəmə “Twitter” sosial şəbəkəsini hökumətin qanunsuz hesab etdiyi kontenti pozmadığına görə cərimələyib. Aprelin 28-də çıxarılmış məhkəmə hökmündə deyilir ki, “Twitter” həmin məlumatları pozmadığına görə 3 milyon rubl cərimə ödəməlidir. Söhbət Molotov kokteylinin hazırlanması haqda təlimatdan, Nasist svastikasını təbliğ, Rusiyanı, onun milli himni və bayrağını təhqir etdiyi bildirilən məlumatlardan gedir.

İki gün öncə “Meta Platforms” 4 milyon rubl, “TikTok” sosial şəbəkəsi isə 2 milyon rubl cərimələnmişdi. Onlar Rusiyada qanunsuz hesab edilən LGBT kontentini pozmadıqlarına görə məhkəmə belə bir qərar çıxarıb.

Məhkəməyə “Roskomnadzor” media tənzimləyicisi müraciət edib. Bu qurum Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan ölkədə sosial mediaya və azad sözə təzyiqləri gücləndirib.

Aprelin 26-da Moskva yaxınlığında başqa bir məhkəmə “Meta Platforms” şirkətinə göstəriş verib ki, Rusiyada “İnstagram” və “Facebook” sosial şəbəkələrində bəzi postlara çıxışı məhdudlaşdırsın. Həmin postlarda Rusiyada siyasi repressiyanın monitorinqini aparan “OVD-Info”nun məlumatlarına istinad olunur.

Prezident Vladimir Putin sosial media platformalarını və digər texnologiya nəhənglərini ölkənin İnternet qanunlarını pozmaqda ittiham edir. O, xarici şirkətləri Rusiyada ofis açmağa, rusiyalıların şəxsi məlumatlarını bu ölkənin ərazisində saxlamağa vadar etməyə çalışır.

Tənqidçilər isə bu təzyiqin “İnternetin bütövlüyü”nə dəxli olmadığını deyir, hakimiyyəti fərqli düşünənləri boğmaq cəhdində suçlayır.

 





28.04.2022    çap et  çap et