Bu məbləğin 20,4 milyard dolları hərbi məqsədlərə istifadə olunacaq, 8,5 milyardı Ukrayna büdcəsinə köçürüləcək, 3 milyardı humanitar məqsədlərə (o cümlədən ABŞ-dakı ukraynalı qaçqınlara) xərclənəcək. Öz silahlarını Ukraynaya göndərən müttəfiq ölkələrə hərbi dəstək də nəzərdə tutulub.
Bayden məktubunda Konqresə və Amerika xalqına izah edib ki, Avropada zorakı aqressivliyin qarşısını vaxtında almamağın bədəli həmişə daha yüksək olub, nəinki bu cür əməllərin qarşısını almağın xərci.
ABŞ bu gün Ukrayna savaşı ilə bağlı 2 təməl vəzifə güddüyünü gizlətmir:
Birincisi, Ukrayna ordusunu silahlandırmaq və onun rus ordusu üzərində qələbəsini, işğalçıları ölkə ərazisindən qovmasını təmin etmək;
İkincisi, Rusiya dövlətini uzunmüddətli perspektiv üçün zəiflətmək, onun hərbi gücünü tükətmək, sanksiyalar və ticarət embarqoları ilə iqtisadiyyatını sarsıtmaq.
ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahlar Komitəsinin sədri Mark Millinin (Mark Milley) sözləri də önəmlidir. General bildirib ki, əgər Putin məsuliyyətdən yaxa qurtarmağa nail olarsa, dünya nizamı yox olacaq, buna yol vermək olmaz.
ABŞ-la sinxron hərəkət edən Britaniya hökuməti isə xarici işlər və müdafiə nazirlərinin dilindən açıq elan edib ki, onlar Ukrayna ordusunun rus ordusunu 24 fevraldan öncəki mövqelərə sıxışdırmasından sonra Krımın azad olunmasına da dəstək verməyə hazırdırlar. “Biz səylərimizi ikiqat artırmalıyıq, yola davam etməliyik, sürətlə hərəkət etməliyik və Rusiyanı bütün Ukraynadan sıxışdırıb çıxarmalıyıq”, - deyə XİN rəhbəri Lizz Trass bildirib.
NATO baş katibi Yens Stoltenberq isə Ukrayna ordusunun NATO silahlarına keçidini sürətləndirəcəklərini söyləyib. (Yeri gəlmişkən, şəxsi qənaətimə görə, müharibədən sonra Ukraynanın NATO-ya qəbulu ciddi şəkildə gündəmə gələcək, bu barədə sonra yazaram.)
Son aylara qədər Putin rejiminin Qərbdəki əsas dayağı və dəstəkçisi olan Almaniyanın qısa müddət ərzində yaşadığı transformasiya da diqqətəlayiq mövzudur. Bu gün Bundestaqda ölkənin bütün sistem partiyalarının dəstəyi ilə Ukraynaya ağır hərbi texnikanın verilməsi barədə qərar qəbul olunub. Almaniya hökuməti Rusiyaya neft embarqosu tətbiq edilməsinə və Rusiya bank sisteminin təməl qurumu olan “Sberbank”ın “SWİFT”dən kənarlaşdırılmasına da razılıq verib.