Türkiyə “TRT” kanalının sualına cavab olaraq Ağ Ev administrasiyasından deyiblər ki ABŞ prezidenti tarixi Osmanlıda 1915-də baş vermiş hadisələri ABŞ dövlət departamentinin keçmişdə topladığı məlumatlar əsasında “genosid” adlandırıb. Üstəlik, tez-tez deyirlər ki, bəs bu hüquqi nəticələr doğuran məsələ deyil, sadəcə tarixi hadisəyə siyasi-mənəvi qiymətdir.
1915-də Anadoluda baş vermiş faciəli hadisələr ağrıdıcıdır. Etnik kimliyindən asılı olmayaraq orada hər kəsin ölümü faciədir. Burada başqa yanaşma ola bilməz. Cənab Kiçik Co Bayden də bu faciəni xatırlayıb başsağlığı verir.
Mənim diqqət çəkmək istədiyim Baydenin və ABŞ administrasiyasının hətta humanitar saydığı məsələlərdə belə ardıcıllığı və vahid standartları gözləmə(mə)sidir.
Uzun yazmağa həvəs yoxdur. Deməli Ruanda genosidi çoxunuzun yadındadır. ABŞ prezidenti Bill Klinton idi. Kiçik Co o vaxt cavan idi. 55-filan olardı yaşı. Billin də partiyasının öndə gedənlərindən idi.
Həmin Bill Klintona nə qədər təzyiq etsələr də, Ruandadakı genosidi öz adıyla adlandırmadı. İmtina elədi. Dedi ki, bunu genosid adlandırsam, hüquqi nəticələri ola bilər.
Çox geniş yayılmış rəyə görə Bill Klinton administrasiyası hazırlanan genosiddən xəbərdar imiş. Amma qarşısını almaq üçün də heç nə etməyib.
Dövlət işində olur belə şeylər. Ya səhv qərardan, ya nədənsə. Bill Klintonu və ABŞ-ı günahlandırmaqdan uzağam. Qətl edilənlərin sayı barədə fərqli rəqəmlər var. Etnik kimliyinə görə yarım milyonla bir milyon arası insan qırıblar. Həm də BMT-nin sülhməramlıları və bir çox ölkələrin hərbçiləri olan yerdə. Çox zaman da keçməyib. Cəmi 28 il öncə.
Yüzlərlə araşdırma, media, BMT, sənədlər və faktlar. Amma ölənlərin sayı ilə bağlı ehtimalların fərqinə baxın.
İndi 1915-ci ildəki faciələrdə ölənlərin dəqiq sayları üzərində ABŞ-da belə israr edənlər var. Ruandadakıları isə saya bilməyiblər dəqiq.
Amma bu da heç.
Baydenin siyasi xaç atası sayıla biləcək Bill Klintonun genosid adlandırmaqdan boyun qaçırdığı Ruanda hadisələrini ABŞ-da 1915-də Osmanlıda baş verən faciələr kimi hər il yad edirlərmi?
Hər il Kiçik Co Bayden çıxıb bu hadisədə ölənləri xatırlayıb başsağlığı verirmi? Axtarıb nəsə tapmadım.