Vaxt.Az

İqtisadi sektorda rəqəmsal transformasiya


 

Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür

İqtisadi sektorda rəqəmsal transformasiya Dünən “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II beynəlxalq konfransda da iştirak etdim. Konfrans İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, UNEC və digər aparıcı qurumların birgə təşkilatçılığı ilə keçirilir.

UNEC-in bu istiqamətdə səyləri təqdirəlayiqdir. Bir universitet olaraq bütün maraqlı tərəfləri, o cümlədən beynəlxalq nümayəndələri də bir araya gətirərək, bu sahəni ölkədə irəlilətmək üçün sistemli və ardıcıl olaraq çalışır.

Amma əsas maraqlı tərəflərin, sektorda söz sahiblərinin çıxışlarında diqqəti cəlb edəcək, biznes və cəmiyyət üçün düşündürücü və proqnozlar qurula biləcək məqamlar yetərli görünmür. Hansı konsepsiyalar, hansı qanunlar və qərarlar ötən müddətdə olub, hansılar olacaq, hansıların zəruriliyi, qəbulunun planlaşması haqqında mesajlar eşitmədim.

Müşahidələr isə göstərir ki, birbaşa mövzu ilə əlaqəli konseptual sənədlərin qəbulu uzun müddətdir ki ləngiyir. Yeniliklər, yeni addımlar zəifdir, iqtisadi sektorda rəqəmsal transformasiyanı sürətləndirəcək addımlara ciddi ehtiyac var. Bu tip tədbirlərdə gərək mövcud situasiya və qarşıdakı illər üçün konseptual mesajlar verilsin, maraqlı tərəflərin daha optimal qərarlar qəbulu üçün informasiya istehsal olunsun.

Bir daha təkrar etmək istərdim ki, bu qeydlərim sektorun inkişafına cavabdeh olan qurumların, hansı ki bir çoxlarının əsas simaları tədbirdə iştirak edirdi, rəhbərlərinin çıxışlarına aiddir. Amma panel müzakirələrdə xeyli maraqlı mövzuların olduğunu da müşahidə etdim.

Ümid edirəm UNEC-in bu beynəlxalq konfransı da sektorda rəqəmsal transformasiyanın sürətlənməsinə kömək olacaq.

 





29.04.2022    çap et  çap et