Vaxt.Az

Kiyevə raket zərbələri


 

Quterreşin şəhərdə olan zaman paytaxtı bombalamaqla Rusiya BMT-ni təhqir edib

Kiyevə raket zərbələri Aprelin 28-də Kiyevdə üç güclü partlayış baş verib. Bu barədə məlumatı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko təsdiq edib. O deyib ki, partlayışlar Lukyanovsk rayonunda eşidilib.

Geraşşenkonun sözlərinə görə, Rusiya hərbçiləri üç raketlə eyni hədəfə eyni vaxtda zərbə endiriblər ki, raketləri vurmaq mümkün olmasın: “Buna baxmayaraq bizim şanlı Havadan Müdafiə Qüvvələrimiz Kiyevə atılan raketlərdən birini vura bilib”.

***

Raket zərbələrinin hədəfi çox güman ki, Kiyevdəki “Artyom” müdafiə zavodu olub. Bu zavodda aviasiya raketləri istehsal olunur. Prezident Vladimir Zelenskinin müşaviri Mixail Podolyak deyib ki, Kiyevə raket zərbələri BMT-nin baş katibi Antoniu Quterreş hələ şəhərdə olarkən endirilib.

Zelenski Rusiyanın bununla da BMT-ni alçaltmaq istədiyini bildirib. Daha sonra Geraşşenkonun yaydığı videoda deyilir ki, raketlər Kiyev ətrafında sakinləri az olan yaşayış binasının aşağı mərtəbələrinə düşüb.

Onun sözlərinə görə raket zərbələrinin yaratdığı yanğın söndürülüb və xilasedicilər işə başlayıblar.

Kiyev meri Vitali Kliçko məlumat verib ki, raket zərbələrindən üç nəfər yaralanıb. Geraşşenko xəsarət alanların 6 nəfər olduğunu bildirir.

***

Kiyev Rusiya qüvvələri onun ətraflarını tərk edənədək bir neçə dəfə raket atəşinə tutulmuşdu. Martın 15-də atılan raket Lukyanovkada metro stansiyasının fasadını dağıtmışdı. Bundan başqa raketlərdən biri televiziya qülləsinin binasına düşmüşdü.

Rusiya Müdafiə Nazirliyi aprelin 26-da Kiyevə zərbələr endirilə biləcəyi ilə hədələmişdi: “Rusiyanın silahlı qüvvələri Kiyevin qərarlar qəbul edilən mərkəzlərinə sutka ərzində uzaqvuran dəqiq silahlarla zərbə endirməyə hazırdır”.

Nazirlik əlavə etmişdi, Rusiyanı, Kiyevin belə mərkəzlərində həmin vaxt hər hansı Qərb ölkəsi nümayəndələrinin olması da dayandırmayacaq.

 





29.04.2022    çap et  çap et