Vaxt.Az

Yanğının yandırdığı yağlar...


 

Qiymət artımının fürsətə çevrilməsinə imkan vermək olmaz

Yanğının yandırdığı yağlar... Səngəçal terminalı ölkənin ən strateji nöqtələrindən hesab edilir və ən yüksək səviyyədə mühafizə olunur. Bu gün ərzaq ehtiyatlarının toplandığı anbarlar və digər saxlanc yerləri eyni qədər strateji əhəmiyyətinə görə bu terminal qədər əhəmiyyətlidir. Odur ki bu obyektlər özəl təsərrüfat obyektlərinin, yoxsa dövlətin mülkiyyətində olmasından asılı olmayaraq eyni dərəcədə dövlət tərəfindən böyük ciddiyyətlə qorunmalıdır.

Kimsə qarantiya verə bilməz ki, bu sonuncudur və daha təkrarlanmayacaqdır.

“Azərsun Sənaye Parkı”na dəymiş ziyan müəssisənin özündən daha çox kənar mənfi təsirlərə malikdir. Düzdür burada, xam yağ qəbulu və rafinləşdirmə bölmələrindən, marqarin paketləmə, duru yağ qablaşdırma, əridilmiş yağın qablaşdırılması və metal qablaşdırma üçün müasir avadanlıqları vardır. Amma sənaye parkının özünə dəymiş ziyan, o cümlədən daşınmaz əmlaka və məhsullara görə ziyan  isə sığorta şirkəti tərəfindən qarşılanacaq. Amma bu problemin həlli deyil. İstehsal sahələrindəki fəaliyyətin yenidən bərpası dərhal mümkün olmayacaq, bunu bərpa etmək üçün müəyyən bir müddət lazım gələcəkdir. Yanmış avadanlıqların yenilərin alınması, gətirilməsi, quraşdırılması və yeni saxlanc yerlərinin yaradılması üçün zaman və vəsait lazımdır.

O ki qaldı, yanğının ölkənin yağ bazarına təsirlərinə, düzdür, yanğın plastik qablardan başlasa da, 5-6 aylıq yağ ehtiyatı olan kərə yağlarının yığıldığı soyuducu anbara keçib və yağ anbarında on milyon manatlarla dəyəri olan məhsullar yanıb. Təbii ki bunun bazarlara da öz təsiri olacaqdır. Çünki, bildirilir ki, fabrik 5-6 aylıq ehtiyatı təmin etmək üçün bir neçə ay çalışıb.

Istər maddi baxımdan, istər strateji əhəmiyyət baxımından, istərsə də psixoloji baxımdan itki böyükdür. Bu hadisənin ən mənfi təsir isə satış mərkəzlərində süni qiymət artımlarına səbəb ola bilməsidir. Yəni yaranmış situasiya psixoloji gərginlik yarada bilər. 

Amma biz ölkənin yağ və yağ məhsullarına olan təlabatı, Azərsunun istehsal potensialı, “Azərsun Sənaye Parkı”nda sıradan çıxmış məhsulların statistikasını müqayisəli təhlil etdikcə görəcəyik ki, bu yanğına görə ajiotaj yaratmağa gərək yoxdur. 

Belə ki, “Azərsun Holdinq”in kərə yağı bazarında payının cəmi 5-7 faiz təşkil etdir. Sumqayıtda isə böyük həcmdə idxal edilən kərə yağının çəkilərə görə daha kiçik həcmlərdə qablaşdırılaraq satışa çıxarılır. Əvvəla “Azərsun Holdinq”in müəssisələri yalnız bu yanan sahədən ibarət deyil. İkinci vacib bir məsələ isə 5-6 aylıq ehtiyat məsələsidir. Bəzi insanlarımız elə başa düşür ki, ölkənin 5-6 aylıq ehtiyatıdır. Xeyr! Bu ehtiyat ifadəsi məhz bu müəssisəyə aid olan ehtiyat məhsullara aiddir. Odur ki, istər “Azərsun” rəsmiləri, istər dövlət rəsmiləri açıqlama verərkən mütləq şəkildə elə ifadələrdən istifadə etməlidirlər ki, sonradan bu ifadələr ajiotaj yaratmasın. 5-6 aylıq ehtiyatın bu müəssisəyə aid olduğu ayrıca vurğulanmalıdır.

Qısaca ifadə etsək Azərbaycan həm bitki yağları, həm də kərə yağı tələbatı baxımından idxaldan asılı ölkədir. Bu ən azı 80 faizdən çoxdur. Özümüz istehsal etdiklərimiz isə yenə də idxaldan asılı idi. Yəni, kərə yağları Yeni Zelandiyadan gətirilir. Burada sadəcə xüsusi çəki və ölçüyə salınır, sonra isə qablaşdırılır. 

Hazırkı vəziyyətdə 2 əsas məsələyə tam diqqət yetirilməlidir. Birinci, ölkədə ərzaq təhlükəsizliyində rol oynayan hər bir müəssisənin stratejilik səviyyəsi yüksəldilməli; ikincisi, idxal kanallarının fasiləsizliyinin təmin olunması (onsuz da idxaldan asılıyıq) və idxalda süni problemlərin yaranma ehtimalları qiymətləndirilərək qabaqlayıcı tədbirlər görülməlidir.  Bir sözlə, ərzaq ehtiyatlarına təhdid yarada biləcək hər bir istiqamət dövlət tərəfindən xüsusi nəzarətə götürülməlidir. 

Bir də yaranmış bu psixoloji basqı şəraitində kimlərinsə bazarların yağların qiymətini süni qaldırmasına əngəl olmaq lazımdır. Təbii ki az miqdarda qiymət artımını ehtimalı var, amma bunu böyük fürsətə çevrilməsinə imkan vermək olmaz.

 





29.04.2022    çap et  çap et