Baş prokuror Rusiya hərbçiləri Qriqori Narışkinin, Vasili Knyazevin, Sergey Peskaryovun, Albert Radnayevin, Semyon Maltsevin, Mixail Kaşinin, Andrey Bizyayevin, Dmitry Sergienkonun, Vyaçeslav Lavrentyevin və Nikita Akimovun adlarını açıqlayıb:
"Qısa müddət ərzində müstəntiqlər aşkar ediblər ki, Buçanın işğalı zamanı bu şəxslər silahsız mülkiləri girov götürmüş, onlara aclıq və susuzluqla işgəncə vermiş, onları qolları arxalarında bağlı diz üstə saxlamış, alçaltmış və döymüşlər”.
Baş prokuror bildirib ki, hərbçilər işgəncə verdikləri şəxslərdən Ukrayna qoşunlarının yerlərini öyrənməyə çalışırdılar.
Onun sözlərinə görə bəzi sakinlərə heç bir səbəb olmadan işgəncələr verilib.
Rusiya hərbi qulluqçuları əsirlərini ölümlə hədələmiş və onların istiqamətində atəş açmışlar.
***
Venediktova bunu da qeyd edib ki, bu 10 əsgər Buçada həm də qarətlə məşğul olmuş, sakinlərin əmlaklarını əllərindən almışlar.
Ukrayna müstəntiqləri bildirirlər ki, bu 10 nəfər məsuliyyətə cəlb olunmalı olanların yalnız ilk qrupudur.
Venediktova bildirib ki, hazırda müstəntiqlər sözü gedən əsgərlərin Buça sakinlərinin qətllərində iştirak edib-etmədiklərini dəqiqləşdirirlər.
Rusiya qoşunları Kiyev ətrafındakı şəhərlərdən geri çəkildikdən sonra bu ərazidə çox sayda sakinin meyitləri, kütləvi məzarlıqlar tapılıb.
Bundan sonra bir neçə ölkə BMT-ni və Beynəlxalq Cinayətlər Məhkəməsini bu hadisələrdə mümkün hərbi cinayətlərin araşdırılmasına çağırıblar.
***
BMT-nin Baş katibi Antonio Quterreş Ukraynadakı müharibəni “21-ci əsrin absurdluğu” adlandırıb. O, Kiyev yaxınlığında Borodyankaya baş çəkəndən sonra bu açıqlamanı verib. Bu ayın əvvəlində Rusiya qüvvələri ərazidən çıxandan sonra şəhərdə dinc sakinlərin meyitləri aşkarlanıb, bəzilərinin üzərində işgəncə əlamətləri olub.
“Dağıdılmış, qapqara evlərdən birində öz ailəmi təsəvvür edirəm. Nəvələrimi panika içində qaçan görürəm. Bu müharibə 21-ci əsrdə absurdluqdur. Müharibə bəladır. 21-ci əsrdə qəbul oluna biləcək müharibə yoxdur”, – Quterreş deyib.
Borodyanka və Buçadan Rusiya qüvvələri çıxarılandan sonra qətl, işgəncəyə dəlillər, kütləvi məzarlıqlar, döyüşdə dinc sakinlərin də vurulması aşkarlanıb. Bir sıra ölkələr, o cümlədən BMT və Beynəlxalq Cinayət Məhkəməsi (BCM) müstəntiqləri hərbi cinayətlərin törədilib-törədilmədiyini müəyyənləşdirməyə çağırıb.
Quterreş Rusiyanı BCM ilə əməkdaşlığa çağırıb.
Ortada dəlillərin olmasına baxmayaraq, Rusiya Ukraynadakı müharibədə dinc sakinləri hədəfə almadığını deyir.