Rusiyanın Qara Dənizdəki flaqmanı “Moskva” hərbi müdaxilədən öncə son bir dəfə İstanbulda Bosfordan keçir. Moskva Rusiyanın Ukrayna qüvvələrinə məğlub olan yeganə hərbi gəmisi deyildi. Dağılan gəmiləri əvəz etmək üçün hər hansı yeni gəmi Türkiyənin nəzarətində olan sulardan keçməlidir.
Ancaq Türkiyə beynəlxalq Montrö boğazlar Konvensiyası altında Rusiya hərbi gəmilərinin Qara dənizə çıxışını ciddi şəkildə məhdudlaşdırır.
“Türkiyə boğazlarını - həm Dardanel, həm də Bosfor boğazlarını – Rusiya gəmilərinə bağladı. Təkcə Qara Dəniz Donanmasına məxsus gəmilər bazalarına geri döndüklərini iddia edərək, oradan keçə bilərlər. Onlar yeni gəmi gətirə bilmədikləri üçün, Ukrayna əməliyyatında Qara Dənizdəki köhnə gəmilərindən istifadə edirlər”, – Yaxın Şərq İnstitutundan Yoruk İşık bildirib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə həm də Türkiyə istehsalı olan dronların Rusiya qüvvələrinə ağır zərbə vurması mane olur. Ancaq Moskva Ankaranı tənqid etməkdən çəkinir. Kremlin sözçüsü Dmitri Peskov bu ay Türkiyə ilə münasibətləri əla kimi qiymətləndirib.
Bu həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vasitəçilik səylərinin bir hissəsi olaraq rusiyalı həmkarı Vladimir Putinlə telefonda danışıb.
Təhlilçilər deyir ki, Moskvanın Ankaranı qəzəbləndirməkdən çəkinməsinin səbəbi Türkiyənin Rusiyaya qarşı Qərbin sanksiyalarını tətbiq etməkdən imtina etməsidir.
“Bəlkə də Rusiya Türkiyəni mümkün vasitəçi və bütün sanksiyalar və anti-Rusiya əhval-ruhiyyəsi fonunda Rusiya ilə bir növ bərabərhüquqlu şəkildə davranmağa hazır olan azsaylı ölkələrdən biri olaraq təcrid etmək istəmir,” Rusiya üzrə təhlilçi Samuel Bendett deyir.
Rusiya daha əvvəl Türkiyəni yeni qaçqın axını başlatmaqla hədələyərək, Suriyadakı hərbi mövcudluğundan Türkiyə üzərində təsirini artırmağa çalışmaq üçün istifadə edib.
Təhlilçilər deyir ki, Putin Ərdoğanla münasibətlərində üstünlüyə sahib idi, amma Ukraynada müharibə tarazlıqda dəyişikliyə gətirib çıxarır.
“İndi Türkiyənin Rusiyaya qarşı əli güclüdür. Ruslar Türkiyənin əməlləri və ya Türkiyənin Ukraynaya satışlarından narazılqılarını Suriyada müəyyən hədəfləri bombalayaraq və ya Liviyada nə isə edərək göstərirdilər. İndi isə onlar üçün bunu etmək çətindir. Onlar Türkiyəni yarı-neytral statusda saxlamaq istəyirlər. Onlar iqtisadi xilasediciyə, logistik mərkəzə çıxışlarının olmasını istəyirlər,” Avropa Xarici İşlər Şurasından Aslı Aydıntaşbaş deyir.
Rus döyüş gəmilərinin tez-tez İstanbuldan keçməsi, hələ ki, keçmişdə qalan bir görüntüdür. Belə ki, Türkiyənin Rusiyanın Qara Dənizə çıxışına qadağa qoyması təkcə Rusiyanın Ukraynaya hərbi müdaxiləsini çətinləşdirdmir, bu həm də Moskva ilə münasibətlərdə tarazlığın bərpa olunduğuna açıq işarədir.