Bəzi Aİ ölkələri sanksiyaları aradan qaldırmaq üçün Rusiya banklarında hesablar açıb.
Prezident Co Bayden cümə axşamı bildirib ki, ABŞ Avropa müttəfiqlərinə qaz tədarükünü şaxələndirməyə kömək edir.
“Biz Rusiyanın bu sanksiyalardan çıxış yollarını qorxutma və ya şantaj etməklə əldə etməsinə imkan verməyəcəyik. Biz imkan verməyəcəyik ki, onların neft və qazlarından istifadə edərək təcavüzlərinin nəticələrindən qaçsınlar. Biz Koreya, Yaponiya, Qətər və digər dövlətlərlə Rusiya tərəfindən qaz şantajı və onların enerji ehtiyacları ilə təhdid edilən Avropa müttəfiqlərinə başqa yollarla kömək etmək səylərimizi dəstəkləmək üçün işləyirik”, – deyə Bayden Ağ Evdə jurnalistlərə bildirib.
“Təcavüz qalib gəlməyəcək. Təhdidlər qalib gəlməyəcək. Bu, Avropa və dünya üçün gücümüzün getdikcə daha çoxunu təmiz enerjiyə köçürməsinin imperativ olduğunu xatırladır” - deyə, ABŞ dövlət başçısı əlavə edib.
Rusiyanın “Gazprom” şirkəti çərşənbə günü Polşa və Bolqarıstana qaz tədarükünü dayandırıb. Bu, Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı iqtisadi mübarizənin son addımı olub.
Rusiya təbii qaz tədarük etdiyi Avropa dövlətlərindən bir çoxunun enerji məbləğinin böyük hissəsinin Rusiya valyutası rublla ödəməyi tələb edib.
“Gazprom” çərşənbə günü bildirib ki, Polşa və Bolqarıstan bunu etməyib və buna görə də qaz tədarükünü dayandıracaq. Polşa və Bolqarıstan rəsmiləri “Gazprom”un bu addımının müqavilənin pozulmasına bərabər olduğunu bildirib.
Cümə axşamı Ukraynanın dağılmış Borodyanka şəhərinə səfər edən Bolqarıstanın baş naziri Kiril Petkov ölkəsinin Rusiya qazı olmadan da yaşaya biləcəyini deyib.
“Bolqarıstan bu faciəyə biganə qalmayacaq. Biz demokratik dünyanın bir hissəsi, Avropa İttifaqının bir hissəsi kimi qəti mövqedəyik və Ukraynanın yanında olacağıq. Çünki bu, təkcə Ukrayna döyüşü deyil, bu, həm də müharibədir. Hansı tərəfin yanında olmaq istədiyimiz sivil seçimdir”, – deyə Petkov jurnalistlərə bildirib.
Bir çox digər Avropa dövlətləri Rusiya qazını idxal etməkdə davam edir. Bir neçə Avropa qaz şirkəti, o cümlədən Almaniya, Avstriya, Macarıstan və Slovakiya Moskvanın təkidi ilə İsveçrədə “Gazprom” Bankında hesab açıb. Müqavilələr avro ilə ödənilir, lakin dərhal rubla çevrilir.
Cümə axşamı Tokioya səfər edən Almaniya kansleri Olaf Şolts jurnalistlərə bildirib ki, ölkəsi qısa müddətdə Rusiya qazını itirmək riski ilə üzləşə bilməz. “Hər hansı bir fasilənin iqtisadi vəziyyət üçün nəticələri olacaq. Bu aydındır və hökumətə də çox aydındır”, Şolts jurnalistlərə bildirib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen üzvləri Rusiyaya təslim olmamaq barədə xəbərdarlıq edib.
“Belə müqavilələri olan şirkətlər Rusiyanın tələbləri ilə razılaşmamalıdır. Bu, sanksiyaların pozulması olardı. Beləliklə, şirkətlər üçün yüksək risk var”, – deyə, o bildirib.
Həmin qaz şirkətlərinin “Gazprom Bank” vasitəsilə ödənişləri yönləndirdiyinə görə cəzaların olub-olmayacağı hələ məlum deyil.
Avropa ölkələri Rusiyanın qaz kranlarını bağlayacağı təqdirdə hazırlıq gördüklərini deyirlər. Lakin analitiklər deyir ki, belə bir addım həm də Kremlin hər il yüz milyardlarla dollar gəlirini itirəcək.