- Qurultayı planlaşdırdığınız formada keçirə bildinizmi?
- Qurultay çox yüksək səviyyədə keçdi. Nümayəndələrin hamısı tədbirdə iştirak edirdi. Qarşıya qoyulan məqsədlərə nail olundu, nəzərdə tutulan məsələlər həyata keçirildi. Cənab prezident İlham Əliyev proqram xarakterli çıxış etdi, partiya üzvləri qarşısında mühüm vəzifələr qoydu. Bütövlükdə həyata keçiriləcək proqramların müəyyənləşdirilməsi və digər məsələlər hamısı yüksək səviyyədə oldu, yekdilliklə qəbul edildi. YAP sədri, prezident İlham Əliyevin prezidentliyə namizədliyi yekdilliklə irəli sürüldü, təşkilati məsələlərə baxılaraq qərarlar qəbul edildi. Tayı-bərabəri olmayan bir qurultay keçirdik.
- Amma qurultay bir qədər qapalı şəraitdə keçdi, mətbuat dəvət olunmamışdı. Niyə mətbuatı dəvət etməmişdiniz?
- Qapalı toplantı ona deyirlər ki, orada iki, ya üç nəfər iştirak edir. Məsələn, müxalifət qapalı şəkildə müxtəlif səfirlərlə görüşür. Mətbuata heç bir informasiya vermirlər, nə danışdıqlarını açıqlamırlar. 783 nümayəndənin iştirak etdiyi qurultaya necə qapalı demək olar? Ona görə də qurultayın qapalı şəkildə baş tutması haqda deyilənlər həqiqət deyil. AzərTAc qurultayı əvvəldən sonadək izləyib, işıqlandırıb, məlumatlar yayıb. Kifayət qədər informasiya verilib. Kimə lazım olsa, oradan götürə bilər. Bu informasiyalar Yeni Azərbaycan Partiyasının saytına da qoyulub.
- Yeni Azərbaycan Partiyasının 600 mindən artıq üzvü var. Bu qədər üzvü olan partiyanın 783 nümayəndə ilə qurultay keçirməsi normaldırmı?
- Tamamilə normaldır. Mən bir çox ölkədə partiya qurultaylarına qatılmışam. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi qurultayda 600 nəfərdən artıq nümayəndə iştirak etmir. Çin Xalq Respublikasında da təxminən belədir. Ukraynanın Regionlar Partiyasının qurultayında iştirak etmişəm. Rusiyada qurultaylara qatılmışam. Həmin ölkələrin əhalisinin sayı Azərbaycan əhalisinin sayından çoxdur. Ancaq onların hər birində partiya qurultayları bizdəkindən daha az nümayəndənin iştirakı ilə keçir. Nümayəndələrin sayını nə qədər artırırsan artır, 600 min insanı bir yerə yığmaq qeyri-mümkündür. YAP-ın qurultaya hazırlıq üzrə konfranslarında 50 mindən artıq adam iştirak edib. Bu yalnız konfranslarda iştirak edənlərdir. Onların səlahiyyət verdiyi şəxslər də qurultaya qatıldılar və YAP üzvlərini təmsil etdilər. Konfranslarda çıxış edən YAP-ın hər bir üzvü də deyib ki, onları qurultayda iştirak etmiş kimi hesab edək. Partiyamızın İdarə Heyətinin, Siyasi Şurasının qurultayda çıxış edən üzvləri də bildirdilər ki, onları nümayəndə seçən YAP üzvlərini bu ali toplantıda iştirak etmiş sayırlar. YAP-ın hər bir üzvü qurultay nümayəndəliyinə layiqdir. Təəssüf ki, yer baxımından onların hamısının qurultaya toplanması mümkün deyil. Azərbaycanda elə bir yer yoxdur ki, bütün partiya üzvləri ora sığışsın.
- Amma paytaxtda daha böyük saraylar, komplekslər, hətta 25 min yerlik Bakı Kristal Zalı var...
- Təbii ki, elədir. Lakin qurultay rəsmi qərarlar, sənədlər qəbul edir. O cümlədən təşkilati və digər məsələlərə baxılır. Təbii ki, qurultay o cür zallarda da keçirilə bilərdi. Amma biz “Buta” sarayı ilə müqavilə bağladıq. Bu müqavilə əsasında da qurultay özəl bir yerdə keçirildi.
- YAP rəhbərliyi, eyni zamanda hakimiyyət rəsmiləri dəfələrlə bəyan edib ki, bu ilin oktyabrında keçiriləcək seçkidə hakim partiyanın namizədi yenə qələbə qazanacaq, prezident İlham Əliyev öz postunda qalacaq...
- Ölkədəki real vəziyyət belə deməyə əsas verir. Xalqın yenidən prezident İlham Əliyevə səs verəcəyi, YAP-ın namizədinin qələbə qazanacağı heç kimdə şübhə doğurmamalıdır. Keçirdiyimiz görüşlərdə də xalq bizdən qarşıdan gələn prezident seçkisində İlham Əliyevin namizədliyinin irəli sürülməsini təkidlə tələb edirdi. Hamı deyirdi ki, seçkidə iştirak edəcəklər və yekdilliklə İlham Əliyevə səs verəcəklər.
- YAP İdarə Heyəti üzvlərinin sayı 19 nəfərdən 21 nəfərə qaldırılıb. Bunu zəruri edən nə idi?
- Bizdə İdarə Heyəti əvvəllər də 21 nəfər olub. Heç bir say artımı yoxdur.
- Keçmiş təhsil naziri, hazırda Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru olan Misir Mərdanov niyə İdarə Heyətindən kənarda qaldı?
- Misir Mərdanov 1999-cu ildən İdarə Heyətinin üzvü olub. 14 il partiyanın ali rəhbərliyində yer alıb. Bizdə İdarə Heyətinin üzvləri səsvermə ilə müəyyənləşir. 1999-cu ildə və sonrakı dövrdə keçirilən qurultaylarda da YAP üzvləri Misir Mərdanovu İdarə Heyətinə seçmişdilər. Bu dəfə isə seçmədilər. Burada qeyri-adi heç nə yoxdur. İdarə Heyətinin 21 nəfər üzvü səsvermə ilə seçilib.
- YAP sədrinin müavinləri postuna üç yeni şəxs seçilib. Belə görünür ki, bu seçim xeyli müzakirələrə səbəb olacaq. Çünki yeni müavinlərdən birinin – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin 79 yaşı var. Eyni zamanda siyasətlə məşğul olmayan şəxsdir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da siyasətlə məşğul deyil, dövlət məmurudur...
- YAP-da sədr müavinləri seçilir. Bunun hər hansı müzakirəyə ehtiyacı yoxdur. Akademiyanın prezidenti Akif Əlizadə 1997-ci ildən YAP üzvüdür. İctimai-siyasi xadim kimi kifayət qədər tanınır. Böyük ictimai-siyasi xadimdir. Ölkədə keçirilən seçkilərdə aktiv şəkildə iştirak edir. Ziyalı şəxsdir. İndi isə partiyada sədr müavini seçilib.
Əli Həsənov 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. Siyasi Şuranın üzvü kimi indi də İdarə Heyətinə və sədr müavinliyinə seçilib. Burada qeyri-adi heç nə yoxdur.
- Sizcə, daha gənc və daha siyasi şəxslərin hakim partiyanın rəhbərliyinə gətirilməsi doğru olmazdımı?
- Qurultayın seçimi tam doğru-düzgündür. Sədr müavinlərini qurultay nümayəndələri seçir. Bu, səsvermə ilə müəyyənləşən bir məsələdir.
- Müavin postuna seçkilərdə alternativ namizədlər vardımı?
- Yox idi. Qeyd edim ki, müavinliyə namizədin irəli sürülməsi bizim nizamnamədə sədrin səlahiyyətlərinə daxil olan məsələdir.
- Siyasi Şurada nə qədər dəyişiklik etmisiniz?
- Az miqdarda dəyişiklik oldu.
- YAP-ın bundan sonrakı planları nədən ibarətdir?
- Seçki proqramına uyğun fəaliyyətimizi davam etdirəcəyik. Planlar bundan ibarətdir.
- Proqramda hansı məsələlər var?
- Seçki elan olunana qədər o proqramlar açıqlanmır. Ümumi şəkildə deyə bilərəm ki, imza toplayacaq şəxslərə, partiyadan olacaq müşahidəçilərə, məşvərətçi şəxslərə treninqlərin keçirilməsi, seçki ərazilərinin öyrənilməsi və sair məsələlər var.
- İyunun 7-də eyni zamanda müxalifət Demokratik Qüvvələrin Milli Şurasını təsis edib. Bu iki düşərgənin tədbirinin eyni günə düşməsi təsadüf idi?
- Biz xeyli müddət əvvəl qurultayın vaxtını elan etmişdik. Onlar bizə baxıb iyunun 7-sini seçiblər. Çünki heç vaxt öz ideyaları, ideologiyaları olmayıb. Hansı ölkədə nə paltar geyinirlər, onlar da onu geyinir, hansı ölkədə əllərində gül tuturlarsa, bunlar da elə edirlər. Harada bir təşkilat yaranır, onun oxşarını ortaya atırlar, eyni sənəd hazırlayırlar. Özlərində heç nə yoxdur, oğurluqla məşğuldurlar. Ona görə də onların nə yaratdığı, nə təsis etdiyi tam əhəmiyyətsizdir. Bizim ən kiçik rayon təşkilatı qədər deyillər. Müxtəlif partiyalardan bir yerə toplanıb təşkilat yaradıblar, yaranan kimi də dağılacaq.
- Müqayisə etsəniz, YAP-ın qurultayı, yoxsa Milli Şuranın elan olunması daha çox ictimai diqqət cəlb etdi?
- YAP-n bir rayon təşkilatının tədbiri Milli Şuranın hər bir tədbirindən daha effektlidir və daha çox ictimai diqqət cəlb edir.