Norveç və Rusiya arasında yeganə quru sərhəd keçidi olan Storskoq keçidi Aİ-nin sanksiya siyahısında olan bütün yüklərin keçidi üçün bağlanacaq.
Bu barədə məlumatı NRK ictimai telekanalına aprelin 29-da Norveçin xarici işlər naziri Anniken Hyutfeld verib.
Nazir bildirib ki, ovlarını adətən Norveç portlarına boşaldan Rusiya balıqçı gəmiləri sanksiyalardan istisna olunacaq.
Norveçin arktik Svalbard (Şpitsbergen) arxipelaqı 1920-ci il tarixli razılaşmaya əsasən xaricilərə açıqdır və o da sanksiyalardan istisna ediləcək.
***
Norveç NATO üzvü olsa da, Avropa İttifaqına daxil deyil. Bununla belə Norveç Aİ-nin maneəsiz hərəkətə malik Şengen zonasına daxildir və ittifaqın 26 üzvü ilə sərhədləri açıqdır.
Bu səbəbdən də Rusiya Aİ ərazisinə Norveç vasitəsilə daxil ola bilirdi.
Aprelin 27-də Norveç hökuməti Rusiya işğalı ilə üzləşən Ukraynaya 400 milyon Norveç kronu (42 milyon dollar) hərbi yardım göstərilməsinə dair qərar qəbul etdiyini bildirib.
Qeyd olunur ki, bu vəsait Ukraynaya lazımi silahlar alınması üçün Britaniya fonduna köçürüləcək.
Bu barədə məlumatı Norveçin müdafiə naziri Byörn Arild Qram verib.
Aprelin 27-də Rusiya XİN Norveçin bir neçə diplomatının “persona non grata” elan olunduğunu bəyan etmişdi.