Vaxt.Az

“Ən azğın növ qəddarlıq”


 

Pentaqon Rusiyanı Ukraynada "müharibə cinayətləri"nə görə tənqid edib

“Ən azğın növ qəddarlıq” Pentaqon cümə günü Rusiya qoşunlarının Ukraynadakı davranışlarını pisləyib. “Aydındır ki, Rusiya qüvvələri müharibə cinayətləri törədiblər”, Pentaqonun mətbuat katibi Con Kirbi müxbirlərə bildirib. “Buna şübhə yoxdur”.

O, xəstəxanalar bombalandığına və “hamilə qadınların oldürüldüyünə” istinad edərək, bunları “ən soyuq və ən azğın növ qəddarlıq” adlandırıb. O həmçinin Birləşmiş Ştatların Rusiya Prezidenti Vladimir Putinin ukraynalılara qarşı amansızlığı vurğulayıb.

“Biz, şübhəsiz ki, cənab Putinin Rusiyanın milli maraqları olduğuna inandığı şeyi soyuq silahla və qəddar qətiyyətlə həyata keçirməyə qadir olduğu ehtimalına əsasən işləyirdik”, Kirbi deyib. “Məncə biz onun gühansız insanlar, dinc əhali, mülki insanlara qarşı bu cür zorakılıq və qəddarlığa – və, daha öncə dediyim kimi, əxlaqsızlığa –nə dərəcədə əl atacağını, aldığı həyatlara tamamilə etinasızlıqla davranacağını təsəvvür edə bilmirdik”.

Kirbi həmçinin Rusiya prezidentinin hərbi müdaxilə ilə bağlı bəyan etdiyi əsaslandırmanı şərt şəkildə tənqid edib.

“Bunun nasizmə qarşı mübarizə və Ukraynadakı rusları qorumaq məqsədi daşıması cəfəngiyyatdır…çünki onların heç biri Ukrayna tərəfindən təhlükə ilə üzləşmirdi”.

***

Bu arada isə ABŞ Dövlət Departamenti Rusiya qüvvələri Ukraynanın şərqində yeni hücumlara başladığı bir vaxt, Ukrayna əsgərləri ilə birgə döyüşən amerikalı vətəndaşın ölümü ilə bağlı dərin kədərini ifadə edib.

ABŞ-ın sabiq dəniz piyadası, 22 yaşlı Villi Cozef Kansel bazar ertəsi həlak olduğu zaman özəl hərbi podratçı şirkətə işləyirdi və Ukraynada döyüşlərdə öldüyü bildirilən ilk ABŞ vətəndaşıdır.

“Biz bu məlumatlardan xəbərdarıq və əlbəttə ki, ailəyə hər cür konsulluq yardımı göstərməyə hazırıq,” Dövlət Departamentinin sözçüsü Calina Porter cümə günü bildirib. “Lakin, biz bu çox çətin zamanda ailəyə hörmət əlaməti olaraq əlavə heç nə deyə bilmərik”.

Porter həmçinin jurnalist Vira Hiriçin ölümü ilə bağlı da hüznünü ifadə edib.

“Biz onun ailəsinə, eləcə də həmkarlarına dərin hüznlə başsağlığı veririk. Kremlin müharibəsi Ukrayna və onun xalqına böyük ziyanlar vurmağa davam edir və ədaləti müdafiə edən, Kremlin qəddarlıqları ilə bağlı həqiqətləri söyləyənlər ağır nətiəcələrlə üzləşirlər”, Porter deyib.

Xilasedicilər Hiriçin cəsədini cümə günü səhər, Rusiyanın bir gün öncə Kyivdə hava zərbəsi endirdiyi yaşayış binasında tapıblar.

***

Rusiya cümə günü Kyivə cümə axşamı BMT-nin baş katibi Antonio Quterreşin şəhərə səfəri zamanı havadan zərbə endirdiyini təsdiq edib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, “yüksək dəqiqliyə malik uzun mənzilli hava bazalı silahlar…Kyivdə Artyom raket-fəza qurumunun istehsalat binasını dağıdıb.”

Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, bu, BMT-ni təhqir etmək üçün qəsdən atılan bir addımdır.

“Bu, Rusiyanın qlobal institutlara qarşı həqiqi yanaşması, Rusiya rəsmilərinin BMT-ni və təşkilatın təmsil etdiyi hər şeyi təhqir etmək cəhdlərini sərgiləyir”, – o cümə günü xalqa müraciətində deyib. “Bu səbəblə də, buna güclü cavab verilməlidir”.

 





02.05.2022    çap et  çap et