Əvvəl təbliğatçılardan yeni nümunə: Dünən “Rossiya-24” kanalı Mariupoldan reportaj verir, ilk məktəbin açılışını təqdim edirdilər. Jurnalist və studiyadakı aparıcı bir neçə dəfə təkrar etdilər ki, “nəhayət Mariupola sülh gəldi, uşaqlar məktəbə getməyə başladılar” – adamın əli üzündə qalır, bu əbləhlərə demək lazımdı ki, fevral ayının 24-nə qədər o şəhərdə sülh var idi, 201 orta məktəb, 15 Universitetdə onminlərlə şagird-tələbə təhsil alırdı, şəhərə son 8 ildə (Krım və “DHX-LXR” işğalından sonra) 640 milyon dollar yatırım qoyulmuşdu, Mariupol Ukraynanın ən gözəl şəhərlərindən birinə çevrilmişdi. Sülhə siz son verdiniz, şəhəri siz viran qoydunuz – indi isə, 1 məktəb açıb, “Mariupola sülh gəldi”, deyirsiniz.
Dünən Rusiyanın XİN rəhbəri Lavrov İtaliya mediasına müsahibə verib, bütün dünya səsləndirdiyi iki absurd “tezisi” müzakirə edir, Lavrov deyib ki:
1. Hitlerdə də yəhudi qanı olub, ona görə də Zelenskinin yəhudi olması onun faşist olmadığı anlamına gəlmir.
2. Biz Zelenskidən təslim olmağı tələb etmirik ki, biz ondan müqaviməti dayandırmağı tələb edirik, Ukrayna müqavimət göstərməklə itkiləri, dağıntıları artırır.
İkinci Dünya müharibəsi zamanı nasistlər Leninqrad şəhərini 872 gün blokadada saxlamışdılar. Şəhərə hər gün təyyarələrlə bombalarla yanaşı təbliğat vərəqələri də səpirdilər, mətnlərdə, “təslim olun, müqavimət göstərməyin, komandirləriniz sizi aldadır, Moskva artıq çoxdan işğal olunub”, kimi tezislər yazırdılar. Bu gün Rusiyanın “məntiqi” və yanaşması eynidir...
P.S. Müharibə və dəhşət uzandıqca Zelenskinin də açıqlamalarında problemlər yaranmağa başlayır, anlayıram, çox böyük psixoloji yük altındadır, amma bəzi məsələlərə daha dərin baxmalıdır: Türkiyəyə deyir ki, sağ olsun, bizə çox kömək edirlər, amma həm də qınayır ki, Rusiyadan da turist qəbul etməyə davam edirlər - əslində buna görə təşəkkür etməlidir, Rusiyalılar öz ölkəsindən valyuta çıxarıb Türkiyədə xərcləyirlər də, bunun nəyi pisdir ki?! Moskvanın valyutası azalır, bu Ukraynaya sərf edir axı!