Vaxt.Az

İdxalda 23 faiz eniş


 

Almaniya Rusiyadan enerji asılılığını azaldır

İdxalda 23 faiz eniş Almaniya Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra başladığı strateji dəyişiklik çərçivəsində bazar günü Rusiyadan enerji asılılığının azaldılması istiqamətində irəliləyiş əldə etdiyini bildirib.

İqtisadiyyat nazirliyinin bəyanatında bildirilir ki, Rusiyadan tədarük Almaniyanın neft idxalının keçən il 35 faizlə müqayisədə hazırda 12 faizini təşkil edir.

Rusiyadan daş kömür də Almaniyanın əvvəlki satınalmalarının 45 faizi ilə müqayisədə 8 faizə enib.

Buna baxmayaraq, Rusiya qazından asılılıq hələ də əhəmiyyətli səviyyədə qalır, lakin Avropanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi olan Almaniya ümumilikdə Rusiya mənbələrinin həcmini Rusiyanın Ukraynaya təcavüzündən əvvəlki 55 faizlə müqayisədə 35 faizinə endirib.

Almaniya hökuməti mart ayında Rusiyadan neft idxalını iyun ayına qədər iki dəfə azaltmaq və payıza qədər daş kömür tədarükünü dayandırmaq planlarını açıqlayıb.

Almaniyanın həmçinin 2024-cü ilin ortalarına qədər Rusiya qazından əsas etibarilə imtina edə biləcəyi gözlənilir.

“Atdığımız bütün bu addımlar bütün oyunçulardan olduqca böyük səy tələb edir və bu həm də iqtisadiyyat və istehlakçılar tərəfindən hiss ediləcək xərclər deməkdir”, İqtisadiyyat naziri Robert Habek bildirib.

“Lakin biz Rusiya tərəfindən şantaj edilmək istəmiriksə bunlar zəruridir”, o vurğulayıb.

Qərb müttəfiqlərinin Vladimir Putini Ukraynaya hücuma görə cəzalandırdığı vaxt Almaniyanın Rusiya enerjisindən asılılığı zəif cəhətlərdən biri hesab edilirdi.

Almaniya müharibənin başlamasından sonra Rusiya kontraktlarını əvəz etmək məqsədilə alternativ təchizatçılar tapmağa çalışır.

 





01.05.2022    çap et  çap et