Vaxt.Az

Milli komandaya yeni cüdoçu qatıldı!


 

Azərbaycan əsilli idmançı doğma bayraq uğrunda yarışacaq

Milli komandaya yeni cüdoçu qatıldı! Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat verir ki, Beynəlxalq Cüdo Federasiyası (İJF) Olimpiya oyunlarının gümüş mükaftaçısı və dünya çempionu Səid Mollayinin 2 may 2022-ci ildən etibarən Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verib.

İJF-in qəbul etdiyi yeni idman qaydalarına əsasən, idmançı çıxış etdiyi ölkəni dəyişərkən əvvəllər olduğu kimi, onun reytinq xalları sıfırlanmayacaq. Bu qaydaya əsasən, Səid Mollayi hazırda malik olduğu reytinq xallarını qoruyub saxlayacaq. Qeyd edək ki, hazırda o, – 81 kq. çəki dərəcəsində dünya reytinqində 7-ci yerdə gedir.

Səid Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub. 2021-ci ildə keçirilən Tokio Yay Olimpiya Oyunları 2020-də isə gümüş medal qazanıb. Bundan əlavə, Səid müxtəlif illərdə Asiya Oyunlarında və Çempionatlarında, Böyük Dəbilqə turnirlərində və digər nüfuzlu beynəlxalq yarışlarda qalib və mükafatçı olmuşdur.

“81 kq. çəki dərəcəsi kişilərdən ibarət Azərbaycan milli yığma komandasında problemli çəki dərəcəsi hesab edilirdi. Bu çəki dərəcəsində çoxsaylı ümidverici idmançılarımız olsa da, təəssüf ki, yüksək səviyyəli yarışlarda Olimpiya çempionumuz Elnur Məmmədlidən sonra mükafat qazanan olmamışdı. Səid 81 kq. çəki dərəcəsində dünyanın aparıcı cüdoçularından hesab edilir və onun milli komandamıza qatılmağı ilə bu problemi qısa müddət üçün aradan qaldırmağa nail olmağı hədəfləyirik. Eyni zamanda, hesab edirik ki, Səid kimi intizamlı və zəngin təcrübəyə malik olan idmançının milli yığmada olması -81 kq. çəki dərəcəsində rəqabəti artırmaqla yanaşı, istedadlı və gənc idmançılarımızın inkişafına da müsbət təsir göstərəcək”, - deyə ACF-in baş katibi Rəşad Rəsullu bildirib.

Səid Mollayinin sözlərinə görə, Azərbaycan bayrağı altında çıxış etmək onun ən böyük arzularından biri idi: “Ona görə Monqolustan Cüdo Assosiasiyası ilə müqaviləm bitdikdən sonra özüm ilk təşəbbüsü göstərərək ACF-ə müraciət etdim və Azərbaycan adından çıxış etmək niyyətimi bildirdim. Mən çox sevinirəm ki, bundan sonra doğma Azərbaycan bayrağı altında yarışlara qatılacam. Qarşıda bizi dünya və Avropa çempionatları, 2024-cü ildə Paris Yay Olimpiya Oyunları gözləyir. Vaxtımız azdır, əlimdən gələni edəcəm ki, yüksək nəticə göstərim və bayrağımızı yüksəklərə qaldırım”.

Azərbaycan Cüdo Federasiyası adından Səidə uğurlar arzu edir və Azərbaycan cüdo ailəsinə xoş gəldin deyirik!

 

Səid Mollayi kimdir?

1992-ci il yanvarın 5-də Tehranda azərbaycanlı ailəsində anadan olan cüdoçu, əslən Güney Azərbaycanın Xoy şəhərindəndir. O, bunu Bakıdakı Dünya çempionatında 81 kq çəki dərəcəsində dünya çempionu olarkən açıqlamışdı.

Səid Mollayi 2015-2016-cı illərdə Asiya Çempionatında bürünc, 2017-ci ildə isə gümüş medalını qazanıb. 2017-ci ildə Budapeştdə keçirilən Dünya Çempionatında bürünc , 2018-ci ildə Bakıda Dünya Çempionatında qızıl medalların sahibi olub.

2016-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında 81 kq. çəkidə iştirak etsə də, medal qazana bilməyib.

Səid qazandığı qızıl medalı Azərbaycana həsr edib: “Bakıda dünya çempionu oldum və qızıl medalı bütün Azərbaycan xalqına həsr etdim. Mənim çəkimdə Azərbaycandan heç kim yox idi. Bu səbəbdən öz medalımı bütün azərbaycanlılara həsr etdim. Yaxşı məşq edib 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmaq istəyirəm”.

Səid Mollayi 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.

Səid Mollayi 2019-cu ildə Tokioda keçirilən Dünya Çempionatının final döyüşlərində İsrail idmançısı Saqi Muki ilə qarşılaşmalı idi. Mollayi ona Rusiya cüdoçusuna qarşı döyüşdən geri çəkilmək əmrinin verildiyini açıqladı. Onun sözlərinə görə, Fars-molla rejimi yarımfinalda qəsdən məğlub olmağı əmr edib ki, israilli idmançı ilə qarşılaşa bilməsin. O, finallardan birində dünya çempionu Saqi Muki ilə qarşılaşa bilərdi. İran hakimiyyətinin “məntiq”inə görə, Səidin atacağı bu addım İsrailin “boykot” edilməsi demək olacaqdı. Amma bu baş tutmadı. Səid buna cavab olaraq, Muki ilə potensial döyüşdən qaçmaq üçün fars-molla rejiminin və idman federasiyalarından təzyiq olunduğunu açıqlayaraq bunu ifşa etdi. Açıqlamasında rejimi tənqid edən cüdoçu bundan sonra ölkəsinə getməkdən qorxduğunu deyərək, 2019-cu ilin avqustunda iki illik viza ilə Almaniyaya getdi.

Mollayi Beynəlxalq Cüdo Federasiyasına verdiyi açıqlamasında bunları deyib: “Mən istədiyim yerdə rəqabət apara bilmək istəyirəm. Mən qanunun mənə bunu etməyə icazə vermədiyi bir ölkədə yaşayıram. Seçimimiz yoxdur, bütün idmançılar bu qanuna riayət etməlidir. Bu gün etdiklərimin hamısı yeni həyatım üçündür. Mənim köməyə ehtiyacım var. Ölkə rəsmilərinin mənə geriyə qayıtdıqda heç bir problemlə qarşılaşmayacağımı deməsinə baxmayaraq qorxuram”.

Cüdoçunun açıqlamasından sonra Beynəlxalq Cüdo Federasiyası İranın idman nazirinin müavini Davar Zaninin Səid Mollayiyə yarışdan çəkilməsini əmr etdiyini bildirib. Federasiyasının açıqlamasında o da qeyd olunmuşdu ki, İran Olimpiya Komitəsinin prezidenti Rza Salehi Amiri Səid Mollayiyə zəng edərək, İranın təhlükəsizlik xidməti işçilərinin onun valideynlərinin evində olduğunu deyib.

İranın davranışları Beynəlxalq Cüdo Federasiyasının bu ölkəni beynəlxalq yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırmasına səbəb oldu. İşi araşdıran İJF-nin intizam komissiyası İranın bu qurumun nizamnaməsini, qaydalarını, prinsip və məqsədlərini ciddi və kobud şəkildə pozduğunu müəyyən etdi. Qadağa İran Beynəlxalq Cüdo Federasiyasına inandırıcı zəmanətlər verənə və İJF-nin nizamnaməsinə hörmət və idmançılarının İsrail idmançıları ilə mübarizə apardıqlarını qəbul edənədək davam etdi.

***

Almaniya 2019-cu il noyabrın 1-də Səid Mollayiyə sığınacaq verməyə razı oldu. Həmin ay İJF-nin qaçqınlar komandasında Osakada keçirilən beynəlxalq yarışa qatıldı. Muki onu cüdoya qayıtması və Tokiodakı Dünya Çempionatından sonra ilk yarışda iştirak etdiyinə görə sosial şəbəkədə təbrik etdi. Öz növbəsində Mukiyə təşəkkür edən Səid israillini “ən yaxşı dostu” adlandırdı.

Səid onunla birlikdə olan fotosunu paylaşaraq bunu yazdı: “Bu, əsl dostluqdur, idman və cüdo üçün siyasət üzərində qələbədir”.

***

2019-cu il noyabrın 16-da Yaponiyada verdiyi bu çətin qərara görə Krans Montana Forumun qızıl medalını aldı. Səid mükafatı qəbul edərkən bunları demişdi: “Daha yaxşı dünya yaratmağa çalışmalıyıq. Sülhün olduğu, insanların bərabər yaşadığı, daha dostcanlı və ədalətli bir dünya...”.

2019-cu ilin dekabrında Monqolustanın dönəm prezidenti, eləcə də bu ölkənin cüdo federasiyasının prezidenti Xaltmaaqin Battulqa ona vətəndaşlıq təklif etdi. Səid bu təklifi geri çevirmədi.

Səid Mollayi 2021-ci ilin fevral ayında Təl-Əvivdə Böyük Dəbilqə turnirində yarışmaq üçün İsrailə gəldi. Bundan bir il əvvəl Macarıstanda keçirilən beynəlxalq yarışda Monqolustanı təmsil edərək, bürünc medal qazanmışdı.

Cüdoçu Tokio Yay Olimpiya oyunlarından bir neçə ay əvvəl İsrail millisi ilə birlikdə İsraildə məşq edib. Səid Tokio olimpiyadasının gümüş medalını qazanıb. O, medalı İsrailə həsr etdiyini açıqlayıb. Qeyd edək ki, Səid Tokio 2020-nin 1/8 finalında Azərbaycan təmsilçisi Murad Fətiyevi məğlub edib.

 





04.05.2022    çap et  çap et