Rusiyanın atəşkəs elanına skeptik yanaşma var, çünki öncəki atəşkəslər alınmayıb, Ukrayna Rusiya qüvvələrini hücumları davam etdirməkdə suçlayıb.
***
Ukrayna Prezidenti Vladimir Zelenski mayın 5-də deyib ki, ölkəsi öz tərəfindən Mariupolda atəşkəsi təmin etməyə hazırdır.
“Adamların sadəcə o zirzəmilərdən, yeraltı sığınacaqlardan çıxarılması vaxt alacaq. İndiki şərtlərdə zibili təmizləmək üçün ağır texnikadan da istifadə edə bilmirik. Hər şey əllə görülməlidir”, – Zelenski vurğulayıb.
Dövlət Departamentinin sözçüsü Ned Prays isə atəşkəs məsələsinə ehtiyatla yanaşaraq deyib ki, Moskva keçmişdə oxşar elanları dəfələrlə pozub.
***
“Associated Press” agentliyi isə Mariupol teatrına Rusiyanın raket zərbəsində 600-dək adamın öldüyünü açıqlayıb. Ukrayna rəsmiləri sığınacağa çevrilmiş teatrın martın 16-da vurulması nəticəsində bundan iki dəfə az, azı 300 nəfərin həlak olduğunu deyirdi.
AP isə hadisədən sağ çıxan 23 nəfərin, xilasedicilərin, teatrın bomba sığınacağı kimi işinə yaxından bələd olanların dedikləri əsasında ölənlərin sayının azı iki dəfə çox olduğunu bildirir.
“Adamların hamısı dağıntılar altındadır, onları qazıb çıxaran olmayıb. Böyük kütləvi məzarlıqdır”, – hücumdan sağ çıxmış Oksana Syomina AP-yə deyib.