Parlament binası yaxınlığında vəziyyət gərgin olaraq qalıb. Bir gün öncə burada etirazçılarla polis əlbəyaxa olub.
Yüzlərlə polis binanı mühasirəyə alıb.
***
İrəvanda müxalifət tərəfdarları mayın 5-də səhərdən etiraz aksiyalarını bərpa edib. Ötən gecə Ermənistan paytaxtındakı Fransa meydanında gecələyənlərə yeni gələnlər qoşulub, onlar şəhərin mərkəzi küçələrində yürüş ediblər.
Bu gün səhər İrəvanda bəzi küçələrin bağlanması, nəqliyyatın işinə maneə yaradan fəalların saxlanması barədə də məlumatlar gəlib.
Müxalifət Baş nazir Nikol Paşinyanı Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə hazır olmaqda suçlayaraq onun istefasını tələb edir.
Müxalifət mayın 1-dən “mübarizənin həlledici mərhələsi”nin başlandığını elan edib, tərəfdarlarını kütləvi vətəndaş itaətsizliyinə çağırıb. Ertəsi gündən gündəlik etiraz aksiyaları başlanıb.
Hakimiyyət təmsilçiləri isə baş nazirin istefası tələblərini rədd edir, bu tələbi əhalinin geniş təbəqələrinin dəstəkləmədiyini bildirir.