Böyük Britaniyanın Vergi və Gömrük İdarəsi (HMRC) mayın 5-də “rəsmən tanınmış fond birjaları”nın siyahısını yeniləyib, MOEX-in statusunun ləğv olunduğunu, qərarın dərhal qüvvəyə mindiyini bildirib.
***
“Moskva Birjası xarici investorlara məhdudiyyətləri qaldırmadığından Böyük Britaniyanın da onun rəsmən tanınmış statusunu ləğv etməkdən başqa seçimi qalmır”, – Xəzinədarlığın Maliyyə katibi Lüsi Freyzer deyib.
“Bu məhdudiyyət Rusiya aktivlərinə pul axınını dayandıracaq, Rusiyaya yeni investisiya qoyulmayacağına aydın mesaj verəcək”, – o vurğulayıb.
Rəsmən tanınmış birja statusu britaniyalı rezidentlərə birjada qiymətli kağızların alqı-satqısı zamanı müəyyən vergi imtiyazları verir.
Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan sonra Britaniya da ABŞ, Avropa İttifaqı və bir çox digər müttəfiqlər kimi, Moskvaya, Prezident Vladimir Putinə və ailəsinə, Rusiya şirkətlərinə, milyarderlərə, hökumətin aparıcı rəsmilərinə sanksiyalar açıqlayıb.