Bu barədə məlumatı Bennetin ofisi yayıb.
Mətbuat yazır ki, Kremlin bu telefon danışığı barədə rəsmi məlumatında “üzr söhbəti” yoxdur.
Kremlin rəsmi saytındakı məlumatda deyilir ki, Putin Benneti İsrailin müstəqillik günü münasibətilə təbrik edib və iki lider Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Bu da qeyd olunur ki, söhbət zamanı habelə dinc sakinlərin Mariupoldakı “Azovstal” zavodundan təxliyə olunması məsələsi müzakirə edilib.
Kremlin məlumatında həmçinin deyilir ki, Putin və Bennet qarşıdan gələn 9 may - qələbə gününü müzakirə ediblər.
Məlumata görə Putin söhbət zamanı xatırladıb ki, II Dünya Müharibəsi zamanı getto və ölüm düşərgələrində, habelə cəza əməliyyatlarında nasistlər tərəfindən öldürülmüş 6 milyon yəhudinin 40 faizi SSRİ vətəndaşları olub.
Məlumatda deyilir ki, Putin Bennetdən İsraildə yaşayan veteranlara cansağlığı və xoşbəxtlik arzularını çatdırmağı xahiş edib.
***
Bu il mayın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Vladimir Zelenski ilə nasist Almaniyasının füreri Adolf Hitleri müqayisə etmiş və demişdi ki, Hitlerin damarlarında da yəhudi qanı olub.
Lavrov İtaliya mediasına müsahibəsində Zelenski haqqında demişdi: "O belə bir arqument irəli sürür: əgər o yəhudidirsə onlarda necə nasifikasiya ola bilər. Səhv edə bilərəm, amma A.Hitlerdə də yəhudi qanı olub. Bunun məsələyə qətiyyən heç bir dəxli yoxdur. Müdrik yəhudi xalqı deyib ki, ən qatı antisemitlər bir qayda olaraq yəhudilərdir. Bizdə deyirlər ki, “ailə eyibsiz olmur”.
Lavrovun sözləri İsrail hökumətini hiddətləndirmiş və Rusiya səfiri Anatoli Viktorov izahat verməsi üçün İsrail XİN-ə çağırılmışdı. Lakin Lavrovun nazirliyi bununla da sakitləşməmişdi.
Mayın 3-də nazirliyin “Twitter” hesabında “Antisemitizm haqqında” adlı məqalə dərc olunmuş və məqalədə Lavrovun bəyanatlarına haqq qazandırılmışdı.
Bunun ardınca isə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova iddia etmişdi ki, israilli muzdlular Ukraynada “Azov” batalyonu ilə çiyin-çiyinə döyüşür.