Vaxt.Az

Türkiyə-Fransa münasibətlərində istiləşmə


 

Ərdoğan və Makron Ukraynanı müzakirə ediblər

Türkiyə-Fransa münasibətlərində istiləşmə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla Ukraynadakı vəziyyəti müzakirə ediblər. “Reuters” Türkiyə prezidentinin ofisinə istinadən yazır ki, Ərdoğan bu telefon danışığı zamanı Makronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

NATO üzvü olan Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə Qara dənizdə sərhədi var və Ankara həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətlərini qoruyub saxlamağa çalışır.

İndiyədək Ukrayna və Rusiya xarici işlər nazirlərinin görüşünü təşkil edə bilmiş Türkiyə, indi də prezidentlər Vladimir Zelenski və Vladimir Putin arasında üzbəüz danışıqların keçirilməsinə çalışır.

Ərdoğan mayın 5-də keçirilən telefon danışığı zamanı deyib ki, Türkiyə Ukraynadakı müharibəyə son qoyulması üçün əlindən gələni edir və danışıqlar prosesinin davam etdirilməsi son dərəcə mühümdür.

“Reuters” yazır ki, Ankaranın NATO üzvləri ABŞ və Fransa ilə münasibətləri son vaxtlarda birmənalı olmayıb.

***

Türkiyə və Qərb arasında fikir ayrılıqlarının əsasən Ankaranın Moskvadan “S-400” raket sistemləri alması və Suriya, Liviya, Dağlıq Qarabağ və Aralıq dənizi siyasətləri ilə bağlı olduğu bildirlir.

Ərdoğan və Makron arasında son illərdə bir neçə dəfə söz atışmaları da olub.

Makronun NATO-nun “beyin ölümü” keçirdiynə dair bəyanatından sonra Ərdoğan Fransa prezidentini kəskin tənqid edib.

Makron dəfələrlə Türkiyənin Liviya və Suriya münaqişələrinə müdaxiləsini tənqid edib.

Lakin son aylarda Ankara ilə Paris arasında gərginliyin azaldığı və münasibətlərin istiləşdiyi hiss olunur.

Ötən ay NATO-nun sammitində Ərdoğan və Makron Türkiyənin Fransa-İtaliya istehsalı olan “SAMP-T” müdafiə sistemləri alması məsələsini müzakirə ediblər. Ötən həftə Ərdoğan demişdi ki, Makronun yenidən prezident seçilməsi Türkiyə-Fransa münasibətləri üçün yaxşı hadisədir.

 





06.05.2022    çap et  çap et