Vaxt.Az

Futbol yenidən bölgələrə qayıdır...


 

AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər

Futbol yenidən bölgələrə qayıdır... İllər sonra çempionatda 10 komanda mübarizə aparacaq. Balans bölgə klublarının xeyrinə dəyişməkdədir. Bu, çempionata marağı, stadionlarda tamaşaçı sayını, oyunlarda rəqabəti, mübarizliyi daha da artıracaq...

Qızıldan qiymətli illər itirilsə də, ümidverici, sevindirici məqamdır...

Eyforiya olmamalı, emosioyalara qapılmamalı, üzdənyanaşmaların faiz dərəcəsi minimuma enməlidir. Dərin təhlillər aparılmasa, dünənin səhvləri aradan qaldırılmasa, kompleks yanaşma təmin edilməsə, futbolun ümumi səviyyəsi qalxa bilməz, ancaq müvəqqəti, müəyyən dövr kəsiyində gərginlik arta bilər...

Sirr deyil, verilən qərarlar hansısa böyük futbol strategiyasının, planlı addımların nəticəsi deyil. Uzun illərdi futbol ictimaiyyətinin, azarkeşlərin, medianın davamlı, obyektiv tənqidlərinin nəticəsidir. Faktiki olaraq AFFA illərdi apardığı yarıtmaz futbol siyasətini özü öz əli ilə təsdiq edir. 

Hər bir təhlil-tənqiddə pozitivliyin olması ilə yanaşı, verilən qərarlar vəziyyətdən çıxmaq, 3-5 il də vaxt udub dövranlarını uzatmaq niyyəti güdür...

Subyektiv fikirlər ola bilər, olacaq da. Eyni zamanda hər bir deyilən sözün, analizin isbatlanması mütləqdir. Məsuliyyəti ilk öncə futbol beyinləri öz üzərinə götürməli, ümumi futbol adına peşəkar təhlillərini ictimaiyyətə çatdırmalıdırlar...

İş adamları futbola qayıtdı? Sponsorlar yenidən federasiyanın qapısını kəsdirdi? Hansısa inanılmaz layihə ortaya qoyuldu və bunun nəticəsində Azərbaycan futboluna xarici sərmayə yatırıldı? Bunların heç biri baş verməyib. Eyni durumdur, yenə də AFFA xətti ilə dövlətin, xalqın puludur!

İllərdi federasiyadan deyilirdi ki, sponsorlar maraq göstərmir, pul yoxdur, futbolu bölgələrə daşımaq mümkün deyil. Nə baş verdi? 

Yalanlar, şayiələr, “yuxarılar imkan vermir” bəhanələri tükəndi? 

Bu illər ərzində foqtslara, yurçeviçlərə, lippertlərə, ştuxliklərlərə, mənasız layihələrə, milliləşdirilən səviyyəsiz futbolçulara xərclənən 100 milyonlarla vəsaitə neçə köklü bölgə klubu dirçələrdi, futbol infrastrukturu, akademiyalar yaradıla bilərdi?! Yeri gəlmişkən, 500 min maliyyə yardımı lisenziyalaşdırma tələblərinin yerinə yetirilməsi və təsdiqi üçün lazım olan miqdardır. Davamı olacaq, olmalıdır.  

AFFA İcraiyyə Komitəsinin son qərarları tez-tələsik, pərakəndə, plansız, təlaş içində qəbul edilib. Limit, əvəzetmələr, komandaların diviziona cəlb edilməsi, uşaq-gənclər futbolunun mövcud durumu, əvəzedicilər çempionatının yenidən “unudulması”... Hətta, öncədən bildirildiyi kimi, icraçı vitse-prezident/vitse-prezident məsələsi müzakirə olunmadı...

10-15 ildir ölkə futbolunu bataqlığa sürükləyən eyni cavabdehlərdi. Futbol düşünülsəydi, çoxdan düşünülərdi. Şəxsi məqsədlər, qohum, dost-tanış, karyera, kağız üzərində 200 min futbolçunun “yetişdirilməsi” ilə yanaşı təsadüflər, yaltaqlar ordusunun hazırlanması...

AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər: “Deyirdiniz bölgə futbolu, bu da sizə bölgə”. Region liqasında  bunlar “sınaq”dan keçirilib. Elita isə həvəskarlar liqası deyil. Hər kəs buna hazır olmalıdır!

AFFA çempionatın bölgələrdə yüksək səviyyədə təminatına istər təşkilatı, idarəçilik, istərsə milli ruh, düşüncə baxımından hazır deyir. Azarkeşlər, ümumilikdə futbol ictimaiyyəti bunu  bilməli, “tələyə” düşməməlidirlər. Futbolun səviyyəsi, dirçəlişi tək tribunaların dolması ilə ölçülmür. Peşəkar futbolun çox sərt tələbləri var!

Unudulmamalıdır! Azərbaycan futbolu, klublar yarıtmaz futbol idarəçiliyi nəticəsində qalmaqallı, dava-dalaşlı, dağıdıcı, məhvedici dövrünü yaşayıb artıq. Yenidən o təfəkkürlə futbola yanaşılacaqsa, iğtişaşlar baş verəcəksə, nə inkişaf olmayacaq, nə də bölgə futbolunun davamı gəlməyəcək...

Futbol təsərrüfatında peşəkar yanaşma ilə yanaşı ictimaiyyət arasında düzgün təbliğat, maarifləndirmə yönündə ciddi addımlar atılmalıdır. Ölkə futbolunun təşkili beynəlxalq standartlar səviyyəsinə çatdırılmalıdır. Cavabdehlərlə, idarəçi, məşqçi, futbolçularla birgə azarkeşlər bu yöndə aparıcı mövqedə oymamalıdırlar...

Futbolun dirçəlişini təmin etməklə paralel futbol mədəniyyəti səviyyəsi üst sıraya gətirilməlidir!

Əks halda “ayaqdan çəkmə” halları Azərbaycan futbolunu yenidən bataqlığa sürükləyəcək.

10 il öncə ölkə çempionatının hər turunda oynanılan minimum 2-3 matç, komandaların meydanda sərgilədikləri futbol keyfiyyəti qrup(lar) səviyyəsində idi. Bunun hesabına komandalarımız avrokuboklarda iddialı idilər. 5-6 klubumuzun gücü buna imkan verirdi...

Təəssüf ki, yaşıl meydan, göstərilən oyun keyfiyyəti unuduldu, meydandankənar qarşıdurmalar, qalmaqallar, səriştəsiz futbol idarəçiliyi məhvedici rol oynadı, klublar dağıldı, emosiyalar peşəkarlığa üstün gəldi...

Eyni AFFA, eyni cavabdehlərdi... 

Qarşıdan gələn çempionatda Region liqası idarəçilik təfəkkürü tüğyan edəcəksə, yaşıl meydanlardakı futbol, dərin təhlillər unudulacaqsa, qalmaqallara üstünlük veriləcəksə, qısa müddətdə futbol yenidən məhvə sürüklənəcək. 

Belə olacağı halda, futbol başbilənləri üçün artıq tək “yuxarılar imkan vermir” bəhanələri olmayacaq, “mədəniyyət yoxdur” da əlavə ediləcək.

Futbol camiəsi, peşəkarından tutmuş fanatı, sıravi azarkeşinə kimi öz sayıqlığını itirməməli, rəqabət, mübarizə ancaq yaşıl meydanlarda getməlidir. Mətbuatın rolu əvəzolunmaz olmalı, hər iki sahili möhkəm körpüylə birləşdirməlidir.

Azərbaycan futbolunda bu potensial var. Yetər ki, düzgün işlər görülsün...

Gəncə, Sumqayıt, Tovuz, Qəbələ, Şamaxı... 

Zaqatala, İmişli, Naxçıvan, Mingəçevir...

Davamı Lənkəran, Yevlax, Şirvan, Masallı, Qusar, Qazax, Quba, Cəlilabad, Salyan, Bərdə, Qax, Sabirabad, Şəmkir, Göyçay, Ağdaş... Bütün bölgələrimiz...

Səviyyəli, rəqabətədözümlü, dolu tribunalı, Avropaya layiq futbolumuz olsun!

 





06.05.2022    çap et  çap et