Vaxt.Az

Almaniya Ukraynaya haubitsa verəcək


 

Berlin “Gepard” antitəyyarə sistemləri də göndərməliydi

Almaniya Ukraynaya haubitsa verəcək Almaniya mayın 6-da bildirib ki, Ukraynaya yeddi özüyeriyən haubutsa göndərəcək. Avadanlıq təchizatını gücləndirmək üçün ölkə içindən və xaricdən təzyiqlərlə üzləşən Almaniya müharibə zonalarına ağır silahlar göndərməməklə bağlı siyasətini dəyişməli olub.

Berlin daha öncə “Gepard” antitəyyarə sistemləri göndərəcəyini açıqlamışdı.

“Amnesty İnternational” insan haqları təşkilatının mayın 6-da yaydığı hesabatda deyilir ki, Rusiya əsgərlərinin fevral-mart aylarında Ukrayna paytaxtı ətrafında hərbi cinayətlər törətməsinə, dinc sakinləri məhkəməsiz öldürməsinə inandırıcı dəlillər var.

Dinc sakinlərin “tələsik güllələnmə və işgəncə” kimi pozuntulara da məruz qaldığı bildirilir.

Hesabatda deyilir ki, Rusiya əsgərləri Kiyev yaxınlığındakı Buçada, özəlliklə Yablunska və Vodoprovidna küçələrinin kəsişməsində “xeyli sayda aşkar hərbi cinayətlər”, o cümlədən “saysız qanunsuz qətllər” törədiblər.

***

Ukrayna Prezidenti Vladimir Zelenskinin baş müşaviri Andrey Yermak mayın 5-də bildirib ki, BMT-nin rəhbərliyi ilə Mariupoldan və Azovstal zavodundan 500-dək dinc sakin çıxarılıb.

Kiyev “dinc sakinlərini və ordusunu xilas etmək üçün hər şeyi edəcək”, – Yermak mayın 6-da “Telegram”da yazıb.

““Azovstal”dakı adamlarımızı xilas etməyin daha bir mərhələsi davam edir”, – o deyib.

***

Rusiya qüvvələri Ukraynanın Mariupol liman şəhərindəki “Azovstal” polad zavoduna hücumu bərpa edib.

Zavodda 2 minədək döyüşçünün və yüzlərlə dinc sakinin qaldığı bildirilir. Həftənin əvvəlində Rusiya qüvvələri zavodun müdafiəsini yara bilib. BMT isə zavoddan daha bir təxliyənin gerçəkləşdiyini bildirir.

***

Ukrayna Baş Qərargahı mayın 6-da bildirib ki, Rusiya qüvvələri zavoda havadan zərbələr endirirlər.

“Xeyli yaralı var, amma təslim olmurlar. Onlar mövqelərini saxlayırlar”, – Ukrayna Prezidenti Volodimir Zelenski mayın 5-də gecə çıxışında deyib.

Həftələrdir mühasirədə olan Mariupol küçə döyüşləri və bombardman nəticəsində dağıdılıb. “Azovstal” isə ukraynalı əsgərlərin son istehkamına çevrilib. Onlar şəhərin Rusiyaya tam təslim olmamasına çalışırlar.

Bu arada Rusiya Ukraynanın şərqi Donbas regionunda hücumu davam etdirir. Ukrayna qüvvələri Rusiyanın hərəkətini əngəlləyir, hətta bəzi əraziləri geri alır.

***

Rusiya Prezidenti Vladimir Putinin 9 may – nasist Almaniyası üzərində qələbənin ildönümündə “Azovstal”da zəfəri elan etmək istədiyi haqda spekulyasiya var.

“Rusiyanın “Azovstal”ı əlı keçirmək və Mariupolu tamamilə tutmaq cəhdini yenilməsi qarşıdan gələn 9 may Qələbə Günü tədbirləri, Putinin Ukraynada simvolik uğur qazanmaq istəyi ola bilər”, – Britaniyanın Müdafiə Nazirliyi mayın 6-da gündəlik bülletendə bildirir.

“Bu hücum Rusiyaya heyət, avadanlıq və sursat hesabına başa gəlir. Ukrayna “Azovstal”da müqaviməti davam etdirdikcə Rusiyanın itkiləri cənubdakı Donbasda əməliyyat planlarını pozmaqda davam edəcək”, – nazirlik bildirib.

Mariupolun itirilməsi Ukraynanın Azov dənizi sahilində vacib limandan məhrum olması deməkdir. Rusiya eyni zamanda 2014-cü ildə ilhaq etdiyi Krım vilayətinə quru dəhlizi əldə edəcək, Donbasa və digər yerlərə göndərməyə əlavə əsgəri qüvvəsi yaranacaq.

***

“Azovstal”da labirint formalı tuneldə gizlənmiş ukraynalılar isə sosial mediada video və foto yerləşdirir, beynəlxalq ictimaiyyətə müraciət edirlər.

Əsgərlər “müalicəsiz, ağrı içində ölürlər”, Azov alayının komandir müavini, kapitan Svyatoslav Palamar mayın 5-də videomüraciətində deyib. O, dinc sakinlərin və yaralı döyüşçülərin çıxarılması üçün beynəlxalq ictimaiyyətdən kömək istəyib.

 





06.05.2022    çap et  çap et