Bakı quberniyası 6 dekabr 1859-cu ildə yaradılıb. Neft amilinə görə əvvəl-axır yaranacaqdı, amma o zaman quberniya mərkəzi olan Şamaxının zəlzələ nəticəsində dəhşətli dağıntıya məruz qalması seysmik sakit zonada yerləşən Bakını birdən birə siyasi və daha sonra iqtisadi mərkəzə çevirir.
Bakı ətrafı kəndlərlə bağlı məlumata baxanda gördüm ki, indiki Balaxanı o zaman Bala-xanə kimi qeyd olunub. Eləcədə də Sura-xanə.
Abşeronda 1859-da 215 neft quyusunun olduğu göstərilir (148-i Bala-xanədəymış) - illik hasilat 334.9 min pud (təqribən 5,4 min ton), 1868-də isə 576.5 min pud olub.
Quyuların məhsuldarlığı çox fərqli imiş: yenu quyuların ən 5 məhsuldarı günə 600 puda yaxın neft veridiyi halda köhnəlmiş quyulardan cəmi 5 pud neft çıxarılırmış.
Maraqlı məsələ neftin ticarətiydi. Xam neftə o zaman sənədləşmədə qara neft deyirdilər, onun 1 pudunu (16 kq) 45 qəpiyə alırlarmış, ağ neft adıyla isə o dövrün əsas neft məhsulu - kerosin (işıq lampalarının yanacağı) 2 rubla təklif olunurmuş bazarda.
Sura-xanədə 18 quyudan rəngi sarıya çalan neft çıxırmış. O neft keyfiyyətli hesab edildiyindən ən azı 2 rubla satılırmış, ona görə də onu Abşeron emal zavodları almırlarmış və o tamamilə ixrac edilirmiş. Ondan dərman hazırlayırlarmış.
19-cu əsrin 60-cı illərinin əvvəlində Abşeronda 23 neftayırma zavodu olub - ikisi Suraxanıda, 21-i “Qara şəhərdə” (biz iqtisadi tarix yarada bilmirik, indiki Ağ Şəhərin N qədər meydanlarının birində neft emalı tariximizə dair bir monument ucalda bilərdik). Zavodların əksəriyyətinin emal qabiliyyəti aşağı olub - 100-120 pud.
Kitabda neftin nəqlinə də yer ayrılıb. Xam neft gölməcələrə yığılar, sonra onu taxta çəlləklərlə neftayırma zavodlarına əsasən atlarla daşıyarlarmış. Amma kerosini çəlləyə doldurub alıcılara çatdıranda həmişə itkilər yaranırmış. Xam neft ağır olduğundan onu daşıyan zaman itki az olurdu, amma neft məhsulu duru idi və hərəkət zamanı çəlləkdən axırdı. Sonradan kimyaçılar çəlləklərin içərisinin yapışqanla izolə edilməsini təklif etdilər… bundan sonra hasil edilən neftdə itkinin çox hissəsi gölməçələrdə yaranırdı (bir hissəsi torpağa sızırdı).