Putinin 9 may çıxışı ilə bağlı üç ana versiya irəli sürülür:
- Ukraynaya rəsmi şəkildə müharibə elan edəcək;
- Ümumi səfərbərlik elan edəcək;
- Donbasın ilhaqını bildirəcək.
Birinci versiya Rusiyanın işğal hücumunu “xüsusi əməliyyat” adlandırması fonunda zəif görünür:
- Moskva Qərblə körpüləri yandırsa da, beynəlxalq təşkilatlarla, xüsusilə BMT ilə bağları tamamilə qoparmaq istəmir, xüsusilə postmüharibə dövründə hazırki vəziyyətin dəyişə biləcəyi ehtimalını da nəzərdən keçirir, bu baxımdan, “Donbas xalqının xilası” iddiasında maraqlıdır;
- Rusiya Ukraynanın hazırda işğal etmək istədiyi cənub və şərq bölgələrində “kvazidövlətlər” yaratmaq, ən azı ilkin mərhələdə bunu həyata keçirmək niyyətindədir;
- Ukraynaya müharibə elan etmək iki aydır davam edən döyüşlərdə məğlubiyyətin rəsmi şəkildə etirafı deməkdir.
İkinci versiya Rusiya ictimaiyyətində təşvişin və narazılığın yaradılmaması baxımından zəif görünür: Putin ilk gündən müharibədə xüsusi hazırlıq keçmiş hərbçilərin iştirak etdiyini elan edib və ümumi səfərbərliklə özünü təkzib etmiş olar. Səfərbərlik eyni zamanda, çətin vəziyyətdə olan Rusiya iqtisadiyyatında xaotik vəziyyət yarada bilər.
Reallığa müəyyən qədər yaxın olan versiya üçüncü – Donbasın ilhaqının elan edilməsidir, hərçənd, buna da nail ola bilməyiblər və Putin özü “Azovstalı mühasirəyə alın” əmri ilə bunu etiraf etmiş oldu. O baxımdan, Putinin nə deyəcəyi, yaxud hansı iddia ilə çıxış edəcəyi sual olaraq qalır.
Lakin bəllidir ki, Rusiya 9 mayı ilk dəfə heç olmadığı qədər pis və çətin qeyd edəcək.