Dünyanın faşizm üzərində qələbəsinin 77-ci il dönümü. Həm dağıdıcılıq, həm insan tələfatı baxımından hələ ki, planetimizdə ən nəhəng hərbi toqquşma sayılan bu müharibədə başqa xalqlarla yanaşı 600 minədək azərbaycanlı da iştirak edib və onların yarısı geri-evlərinə dönə bilməyib. 300 mindən çox itki verdiyimiz bu müharibədə həm də sonradan haqqımız verilməyib.
***
Gecə-gündüz işləyən, cəbhəni neftlə təmin edən Bakı sonradan da olsa, “Qəhrəman Şəhər” elan edilməyib.
Müharibə zamanı 3 növbədə, 24 saat dayanmadan işləyən neftçilərimizdən hasilatı daha da artırmaq tələb olunub. Bakıda baxıb görüblər ki, bunun üçün nə qüvvə, nə də əlavə vaxt var (yəni 25-ci, 30-cu saat yoxdur), yenə də qarşıya qoyulan tapşırıqdan imtina etməyiblər. Nəticədə “Ağ neft”i yaratmaqla dövlətə üstün keyfiyyətli yanacaq və istehsal üçün əlavə vaxt qazandırıblar.
Bu azmış kimi, cəbhədə – əsgərlərdə qan çatışmazlığı yarananda Bakı neftçilərinə nar şirəsi istehsal etmək də tapşırılıb. Səbəb də o gətirilib ki: yaxşı işləyirsiniz deyə, bu işin də öhdəsindən ancaq siz gələ bilərsiniz.
***
Böyük Vətən Müharibəsi (1941-45) qurtarandan SSRİ dağılanadək (1991) bu mövzuda çəkilən sovet filmlərinə baxsanız 5 azərbaycanlı obrazı tapmazsınız (halbuki az qala hər filmdə erməni, gürcü və bir çox xalqları təmsil edən obrazlar var).
***
Gör nə qədər binamus, əxlaqsız imperiya olmalısan ki (SSRİ), hətta faşist Almaniyasının xüsusi önəm verdiyi şəhərə - Bakıya-sən haqqını verməyəsən, Berlinə birinci ayaq basanlardan olmuş xalqın -azərbaycanlının-qəhrəmanlığını bütün mövcudluğun dövrdə gizlədəsən (ki, birdən bilib, öz kimliyini dərk edər).
***
Gör nə qədər minnətdarlıq hissindən uzaq imperiya olmalısan ki, səni qələbədən qələbəyə aparan Həzi Aslanov kimi bir generalı Berlinin astanasında arxadan vurub öldürəsən, ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını da müharibədən 50 il sonra verəsən, o da azərbaycanlı ortaya dəlil qoyub, tələb edəndən sonra.
***
Amma bütün bunlara baxmayaraq əlbəttə ki, faşizm üzərində qələbə cəmi bəşəriyyətin - o cümlədən Azərbaycan xalqının qələbəsidir. Buna görə xalqımızı təbrik edirəm! Həlak olanlara rəhmət, yaşayan 5-3 soydaşımıza (ümumən hamısına da) könül rahatlığı arzulayıram!
P.S.: Dərinliyinə gedəndə “Böyük Vətən Müharibəsi” adlanan 4 illik savaş həm də iki şərin müharibəsi idi. Rusiya imperiyası ilə faşist Almaniyasının. O müharibədən 77 il sonra ikinci şər - Rusiya imperiyası məğlub olmaq, dağılmaq ərəfəsindədir. Ümid edək ki, tezliklə bəşəriyyət növbəti dəfə şər üzərində qələbəni qeyd edəcək.
P.P.S.: Heç şübhəsiz ki, bu qələbənin də dərinliyinin bir küncündə “şərin şər üzərində qələbəsi” gizlənəcək. Amma sonunda o şər də məğlub olacaq...