Vaxt.Az

Təbliğat bayramı


 

20 ildə cəmi 2 dəfə hərbi keçidlə qeyd olunan qələbə günü

Təbliğat bayramı “Hazırda şəhərin küçələrində qanlı döyüşlər gedir”, - bunu düz 30 il əvvəl AzTV Şuşa barədə demişdi. “Dağlarda toy” imiş, şəhərin işğal edildiyini deyə bilməmişdilər bizə.

8 mayda təhsil aldığım konservatoriya tamam qarışmışdı, hər yerdən “Ola bilməz!”, “Əsla, mümkün deyil!” - sədaları gəlirdi. Heç kim inanmırdı, inanmaq da istəmirdi. Gecəni dirigözlü açdıq. 

Sabahı rəhmətlik nənəmin həyətinə su çəkəcəkdi ustalar, rəhmətlik Şamil dayı mənə demişdi ki, tezdən gəlim, kömək lazım olacaq. Sübhdən görüşdük, dayımın sifəti daş kimi idi, ustalar ətrafda boru ilə məşğul idilər, Şamil dayı lomu mənə verib, “o asfalt tərəfdən yolu deş” - dedi. Sonra azacıq hiss edilən şəkili ləhcəsində ağır-ağır əlavə elədi ki, “Cördün da...”

“Dayı, ola bilməz, o şəhəri heç Qacar ala bilməyib, onlar kimdi alsınlar. Rəsmi xəbər yoxdu, bizimkilər hələ də şəhərdədi, müqavimət davam edir....” Dayım inamsızlıqla mənə baxdı, astadan “təçi” deyib ustalara tərəf yönəldi. Asfaltı lom zərbələri ilə deşərək sanki mantranı təkrar edirdim – “Ola bilməz.”

Mənim üçün lap gəncliyimdən 9 may zəhərlənmişdi. Faşizm üzərində qələbəni ürəklə qeyd etmək bizə haram idi. Dərin milli təhqir hissini özündə daşıyan bizlər üçün deyildi bu bayram, qısası. Yad idik bu şənlikdə, əlbəttə ki, ölkəmizin faşizm üzərində qələbə üçün böyük qurbanlarını anmalıyıq, amma şəxsən mənim üçün bu təqvim dediyim kimi həyatımı zəhərləmişdi. Yalnız keçən il keçdi bu hiss. 

Son illər isə Rusiya siyasi elitasının bu qələbəni öz daxili və xarici siyasi maraqlarında, eyni zamanda təbliğat məqsədi ilə manipulyasi bir faktdır. Bu təqvim cinayətkar Putin rejimi üçün hamı ilə bir növ “mənəvi üstünlük” kateqoriyasından danışması üçün xidmət edir. Yeri gəlmiş, 9 may Sovet İttifaqında hər zaman bayram olmayıb və parad da çox nadir hallarda keçirilib. 

İlk Qələbə Paradı Qırmızı Meydanda 1945 iyunun 24-də keçirilib, Stalin və Jukovun iştirakı ilə. Yəqin ki, hamı o xronikanı görüb. Bundan sonra Qələbə paradları 1965-ci ilə qədər keçirilmədi. Stalin ümumiyyətlə bu günü qələbə-filan hesab etmirdi, marksist-leninçi kimi onun məqsədləri tam başqa idi və o məqsədlərinə nail olmadığı üçün bu gün onun üçün əhəmiyyət daşımırdı.

9 may ilk öncə istirahət günü idi. Lakin 1947-ci ildən bu ləğv edildi, bu təqvim adi iş gününə çevrildi. 1948-1964-cü illərdə Qələbə Günü ümumiyyətlə keçirilməyib, hətta qələbənin 10 illiyində, 1955-ci ildə də parad olmayıb. Yalnız qələbənin 20-ci ildönümündə (1965, Brejnev zamanı) bu gün yenidən qeyri-iş günü oldu və  Qırmızı Meydanda 2-ci qələbə paradı keçirildi. Qələbə paradları bir də 1985 və 1990-cı illərdə keçirilib. 

SSRİ dağılandan sonra Rusiyada ilk hərbi parad 1995-ci ildə keçirilmişdi. Yaxşı yadımdadır o gün, Yeltsinin kriminal rejimi bu günü sırf təbliğat məqsədi ilə yenidən qaldırdı və artıq Putin rejimi tərəfindən 2000-ci illərdən bəri müntəzəm olaraq keçirilməyə başladı.

Hazırda Ukraynanı qanına bulamış cinayətkar rejim tərəfindən bu paradın keçirilməsi sırf təbliğat məqsədi güdür ki, bu da hamıya gün kimi aydın olmalıdır.

 





09.05.2022    çap et  çap et