***
Arif Rəhimoğlunu hələ Bakıdan tanıyırdım. Amma bu, uzaqdan tanışlıq idi. Uzaqdan tanımaq ötəri baxış kimidir. Baxmaq da, bilirsiniz, hələ görmək deyil.
Mən Arif bəyi yaxından İsveçdə gördüm, tanıdım.
Bakıda bildiyim o idi ki, Əbülfəz Elçibəyin sovet dövrü silahdaşlarındandır. Burada isə onu tariximizi, ədəbiyyatımızı dərindən bilən elm adamı, milli ideoloji təfəkkürə söykənən ideoloq, millətin gələcək hədəflərini aydın görən düşüncə adamı kimi tanıdım.
Necə oldu onu tanımağım?
İsveçdəki fəal aydınlarımızdan Səadət Kərimi mənim “Çöl Qala” povestimi İsveç dilinə çevirmişdi. Dostlar “Hyresgäster”, yəni “Kirayişinlər” adı ilə nəşr olunan kitabın Stokholmda təqdimatını keçirirdilər. Çıxış edənlər arasında Arif bəy də vardı. Adətən belə tədbirlərdə ümumi xoş sözlər deyib keçərlər. Arif bəy çox ciddi təhlil çıxışı elədi. O povest haqda ədəbi tənqidçilərin, yazı adamlarının xeyli məqaləsi, resenziyası, rəyi var. Arif bəy əsəri onların hamısından tamam fərqli baxış bucağından təhlil edirdi. Təqdimatdan sonra çıxışını məqalə kimi yazıb göndərməsini xahiş elədim. “Bloqumda dərc edəcəm”, dedim. “Çöl Qala” haqda ən dərin təhlil yazılarından biri beləcə yazıldı.
Arif bəyin filoloq olduğunu bilirdim. Amma ədəbi tənqidi, çağdaş Azərbaycan ədəbiyyatının bugünkü problemlərini bu qədər dərindən bildiyini təsəvvür eləmirdim. “Çöl Qala”nın iç dünyası” məqaləsini oxusanız buna siz də şahid olarsınız.
Başqa bir görməkliyimdən deyim.
Avropada fəaliyyət göstərən saytlardan biri “milli kimlik” mövzusunda müsabiqə elan eləmişdi. Mövzuya marağım çoxdan idi, bir neçə yarımçıq qalan yazılar da vardı. Odur ki, həvəslənib müsabiqəyə baş vurdum, “Milli kimlik harayında” adlı iri bir yazı ilə iştirak etdim. Yazı qaliblərdən oldu, sözüm bunda deyil.
Məqalənin yazıldığı dövrdə dəfələrlə Arif bəylə söhbətimiz oldu. O söhbətlərdə mən onu tək türkoloq kimi yox, Şərq fəlsəfəsini bilən, Qərb filosoflarını yaxından tanıyan, sosiologiya elminə dərindən bələd olan alim kimi tanıdım. Azərbaycanda hələ bitməyən millətləşmə prosesinə baxışları onu bir köynək də mənə yaxınlaşdırdı.
Arif Rəhimoğlunun hər kəsdə olmayan başqa bir keyfiyyəti də vardı – təşkilatçılıq qabiliyyəti. Toy-bayramları nəzərə almasaq, qürbətdə 5-10 adamı bir yerə yığmaq olmur. Xüsusən də siyasi, ictimai, mədəni, elmi tədbirlərdə. Arif bəy adamları təşkilatlanmağa, təşkilatlarda birləşməyə inandırırdı. “Təşkilatı olmayan millət özünü təsdiqləyə, uğur qazana bilməz”, deyirdi. İsveçdə bir çox təşkilatın yaranmasında, təşkilat sənədlərinin hazırlanmasında, dövlət orqanlarına rəsmi məktubların yazılmasında onun misilsiz əməyi vardı. Mənə belə gəlir ki, adamları bir yerə yığmaq, təşkilatlanmaq işində onun yeri xüsusilə görünəcək.
Sonda bir söz də deyim. Arif bəy bizi toplayan adam olub. Çox istərdim onun qəbri də bizi toplayan ünvan, İsveçdə vətən adına ziyarət edəcəyimiz Yurd yeri olsun.