Ümummilli Liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında və eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. Ulu öndərin siyasi uzaqgörənliyi nəticəsində ictimai-siyasi həyatda stabilliyin əldə edilməsi ilə yanaşı ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi. İqtisadiyyatın bərpa və inkişafı üçün yaxın dövrdə nəzərdə tutulan tədbirlər ilə yanaşı strateji proqramlar və layihələrin işlənin hazırlanmasına və reallaşmasına başlanıldı.
Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül qısa zamanda aradan qaldırıldı. Strateji baxış iqtisadi tənəzzülün qısa zamanda aradan qaldırılmasına, liberal iqtisadi islahatlar yolu mülkiyyət münasibətlərinin yeni mərhələyə qədəm qoymasına, sənaye, kənd təsərrüfatı və eləcə də iqtisadiyyatın fərqli sektorlarında islahatların dərinləşməsinə səbəb oldu.
Liberal iqtisadiyyatın, sosial ədalət prinsiplərinin fonunda ölkənin iqtisadi müstəqilliyinin qorunması istiqamətində ardıcıl fəaliyyətlər həyata keçirilməyə başlanıldı. MDB məkanında ilk dəfə olaraq torpaq islahatı, yeni mülkiyyət növlərinin formalaşması və inkişafı, sosial ədalət və təmin sistemin formalaşması və gücləndirilməsi və eləcə də Azərbaycanın dayanıqlı inkişafa nail olunması üçün xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Bu islahatlar strateji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı.
Qısa müddət sonra, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqaviləsi imzalandı. Milli liderin uzaqğörən siyasəti nəticəsində ərsəyə gələn bu anlaşma Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin qorunub saxlanması xüsusi rola malik olmaqla uzunmüddətli dövrdə ölkənin valyuta ehtiyatlarının formalaşmasına töhfə verməkdədir. Həmin dövrdə formalaşdırılan enerji siyasəti bu müqavilə ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi faktora çevrildi.
Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təchizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi.
Əsrin Müqaviləsi ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi. Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə də belə, sözügedən sərmayələrin ölkə iqtisadiyyatının digər sferalarına və işsizlik kimi sosial problemlərə müsbət mənada təsirsiz deyildi. Beləliklə, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktorları ilə rəsmi şəkildə əməkdaşlığa başladı.
Nəticədə ölkə iqtisadiyyatının ən uzunmüddətli tənəzzül prosesi dayandırıldı və 1995-ci ildən başlayaraq tərəqqi meylləri müşahidə edildi. Əgər ölkə iqtisadiyyatı 1995-ci ildə 11.8 faiz kiçilmişdisə 1996-cı ildə 1.3 faiz artım dərin depressiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarına çıxacaq və külli miqdarda neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsi-büdcə gəlirlərinin artmasında ciddi rol oynayacaqdı.
1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq bağlanan “Əsrin müqaviləsi”ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu. Ötən müddətdə ümumi daxili məhsulun həcmi 4.0 dəfə artdı.
Dövlət Statistika Komitəsinin məlumatına görə, büdcə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ildəki 7,1 faizdən 2002-ci ildə 0,4 faizə endirildi. Dövlət büdcəsinin xərclərində sosial müdafiə və sosial təminat xərclərinin payı ildən-ilə artdı. 1993-cü ildə bu məqsədlərə ümumi büdcə xərclərinin 8,5 faizi sərf olunmuşdusa, 2002-ci ildə bu xərclər büdcə xərclərinin 20,4 faizinə çatdı.
1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128-ə yüksəldi, xarici ölkələrlə ticarət dövriyyəsi 1993-cü illə müqayisədə 2,8 dəfə artaraq 3,8 milyard ABŞ dollar olmuşdur. Bu illər ərzində Azərbaycanda xarici investisiyalı müəssisələrin sayı da kəskin surətdə artdı. Əgər 1996-cı ildə ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 602-yə bərabər idisə, 2002-ci ildə bu rəqəm 3,5 dəfə artaraq 2104 olmuş, xarici şirkət və ya fiziki şəxslərin iştirakı ilə yaradılmış birgə müəssisələrin sayı isə 94,1 faiz artaraq 957-yə çatmışdır.
Göründüyü kimi, Milli Liderin hakimiyyətə gəlişindən sonra iqtisadi tənəzzülün qarşısı alınmaqla yanaşı, davamlı iqtisadi inkişaf bərpa olundu.