Vaxt.Az

Konqres 33 milyardı 40-a qaldırdı


 

“Ukraynanın qələbəsinə heç bugünkü qədər əmin deyildim”

Konqres 33 milyardı 40-a qaldırdı ABŞ prezidenti “Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı”nı imzaladı. Bayden qanunu imzaladıqdan sonra qələmini Konqresin Nümayəndələr Palatasının milliyyətcə ukraynalı olan üzvü, respublikaçı Viktoriya Spartsa verib.

Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə SSRİ-yə (eləcə də Böyük Britaniya və digər müttəfiqlərə) dəstək üçün qəbul olunmuş yardım proqramı 81 il sonra bu dəfə SSRİ-nin varisi olan dövlətə qarşı bərpa edildi. İmzalanmanın 9 mayda baş verməsi Rusiyaya və dünyaya önəmli mesajdır.

İlk “Lend-Liz”in qəbulu zamanı da ABŞ-ı demokrat prezident idarə edirdi.

Məlum olduğu kimi, Bayden Ukraynaya 33 milyard dollarlıq yardım (20 milyardı hərbi məqsədlə) ayrılması üçün Konqresə müraciət etmişdi. Konqresdəki demokrat çoxluq isə bu məbləğin 40 milyard dollara yüksəldilməsini təklif edib. Nümayəndələr Palatasında sabah məsələyə baxılacağı gözlənilir.

ABŞ Ukraynanın müdafiəsinə yatırım qoymaqla bərabər, bu iş üçün öz prestijini də ortaya qoyur, belə bir şəraitdə Ukraynanın məğlubiyyəti mümkün deyil. Bu gün Boris Conson da “Ukraynanın qələbəsinə heç bugünkü qədər əmin deyildim”, - dedi. Bu cür bəyanatlar təsadüfən ağızdan çıxmır, konkret məlumatlara və qərarlara əsaslanır. Yeri gəlmişkən, Böyük Britaniya hökuməti də öz növbəsində Ukraynaya 1,3 milyard funt-sterlinq (1,6 milyard dollar) hərbi yardım ayırıb.

Lakin hansı nəticə qələbə sayılacaq: rus ordusunu 24 fevraldan əvvəlki mövqelərə qədər sıxışdırmaq, yoxsa Krım və Donbası da geri qaytarmaq? Buna artıq Ukrayna qərar verəcək.

Yay ayları Ukrayna cəbhəsində çox qanlı döyüşlər gözlənilir...

 





10.05.2022    çap et  çap et