Bundan başqa Moskva, Peterburq, Kazan, Orenburq və başqa şəhərlərdə “Ölümsüz alay” yürüşünə antimüharibə plakatları ilə qoşulan onlarca etirazçı saxlanıb. Bu da xəbər verilir ki, təkcə Moskva metrosunda “üztanıma kameraları” ilə azı 37 nəfəri saxlayıblar.
***
Polis Novosibirskdə “Ölümsüz alay” yürüşünə qatılmış etirazçı Vladimir Saltevskini saxlayıb. Saltevskinin əlindəki plakatda yazılmışdı: “Nəvələrim, mən sizə görə xəcalət çəkirəm. Biz sülh uğrunda döyüşmüşdük, siz müharibəni seçdiniz”. Başqa bir plakatda isə yazılmışdı: “O faşizmə qalib gəlmişik, buna da gələrik”.
Bu yürüş zamanı əlində “Mənim babam belə gələcək üçün vuruşmamışdı” yazılı plakatı olan başqa bir etirazçı da saxlanıb. Sankt Peterburqda “Ölümsüz alay” yürüşünə qatılmaq istəyən şəhər deputatı Sergey Samusevi saxlayıblar. Onun əlindəki plakatda bugünlərdə Xarkovun bombardmanında həlak olmuş 96 yaşlı Boris Romanenkonun portreti vardı. Romanenko II Dünya Müharibəsinin bir neçə ölüm düşərgəsindən sağ çıxmışdı.
Rusiyada ən çox oxunan xəbər saytlarından – Lenta.ru portalında mayın 9-da Rusiyanın Ukraynaya müdaxiləsini tənqid edən bir neçə material yerləşdirilmişdi. Məqalələrdən bəzilərinin belə başlıqları vardı: “Rusiya ordusu oğru və soyğunçuların ordusuna çevrilib” və ya “Vladimir Putin aciz diktator və paranoikə dönüb”.
İndi bu yazılardan bəzilərinin skrinşotlarını internetdən tapmaq mümkündür, lakin materiallar sonradan saytdan silinib. Volqoqradda peyda olmuş bir qrafitdə isə çox sayda tabut əks etdirilib. Sink tabutlardan birinin üzərində Rusiyanın Ukraynaya müdaxiləsinin simvoluna çevrilmiş “Z” rəmzi var.
Fotonun müəllifi Philippenzo təxəllüsü ilə çıxış edən Volqoqrad küçə rəssamıdır. O bu fotoya yazılmış şərhdə qeyd edir: “Aydındır ki, Rusiyanı apardığı bu mənasız müharibədə heç bir qələbə gözləmir. Onun ən böyük “nailiyyətləri” təmizlənməz ləkə, təcridolunma, borc, yoxsulluq, on minlərlə şikəst edilmiş, məhv edilmiş insan olacaq. Onların cəsədlərini Vətən heç öz qucağına qaytarmaq həvəsində də deyil”.